
Afrikanın futbol bayramı başlayır
Yanvarın 9-dan başlayaraq Afrikada yığma komandalar arasında əsas turnirin həyəcanı yaşanacaq.
33-cü Afrika Millətlər Kuboku (AMK) regionun futbolu ən çox inkişaf edən ölkələrindən birində - Kamerunda keçiriləcək. Hadisələrin axarının və nəticələrin necə olacağını bilməsək də, bu yarışa artıq “başıbəlalı” təyinini vermək olar.
Əvvəlcə onu qeyd edək ki, AMK 2021-ci ilin yanvar-fevral aralığında keçirilməliydi. Lakin koronavirus təhlükəsinə görə 2020-ci ilə təyin olunan Avropa çempionatı və Amerika Kuboku kimi “qara qitə”də də təxirəsalma qaçılmaz oldu. Başqa sözlə, hələ 2020-ci ildə AMK-nın vaxtında baş tutmayacağı açıqlandı. Afrika Futbol Konfederasiyası (AFK) məcburiyyətdən turnirin 2022-ci ildə 9 yanvar – 6 fevral aralığında təşkilinə qərar verdi.
Amma 2021-ci ilin sonuna yaxın növbəti problem ortaya çıxdı. Turnirin koronavirusun yeni “omikron” ştamına və Kamerunda təşkilatçılıqla bağlı çətinliklərə görə ləğv edilə biləcəyi haqda ehtimallar irəli sürülürdü. Avropadan azarkeşlərin və futbolçuların gəlişinin yeni virus tipinin daha da yayılmasına səbəb ola biləcəyi ehtimal edilirdi. Bu səbəbdən hətta yarışın ləğv ediləcəyi gözlənilirdi. Xüsusilə qeyd edək ki, bu variantı ən çox sıralarında afrikalı legionerlər olan Avropa klubları dəstəkləyirdi. Lakin problemli məsələyə görə iclas keçirən AFK-nin prezidenti Patris Motsene turnirin planlaşdırılan vaxtda təşkil olunacağını bəyan etdi.
Beləliklə, bütün təhlükə və etirazlara baxmayaraq, qitə çempionatı planlaşdırılan vaxtda başlayacaq. Yeri gəlmişkən, artıq bir sıra komandalarda oyunçuların koronavirusa yoluxması ilə bağlı faktlar qeydə alınıb və təbii ki, yoluxanlar karantinə alınıblar. Turnirin gedişində yoluxma ilə bağlı ciddi problemlərin ortaya çıxıb-çıxmayacağını zaman göstərəcək. Gəlin, futbolu ikinci plana salan mövzudan uzaqlaşaq və AMK-nın xüsusilə yerli azarkeşlər üçün maraq doğuran məqamlarına nəzər salaq.
Əsası 1957-ci ildə qoyulan qitə çempionatı Kamerunda ikinci dəfə keçiriləcək. Turnirə ilk dəfə 1972-ci ildə evsahibliyi edən bu ölkənin komandası onda bürünc mükafatçı olmuşdu. Regionun ən böyük futbol ölkələrindən sayılan Kamerun təşkilatçılıq planında Qana, Misir (hərəyə 4 dəfə), Efiopiya, Tunisdən (3) geri qalır, Sudan, Nigeriya, Cənubi Afrika, Qabon və Ekvatorial Qvineya ilə eyni göstəriciyə malikdi. Amma Kamerun yığması indiyədək 5 dəfə Afrikanın ən güclü komandası olub və bu göstəricidə yalnız 7 çempionluğa malik Misirdən geri qalır. Qana 4, Nigeriya 3, Kot d’İvuar, Əlcəzair və Konqo DR 2, Zambiya, Tunis, Sudan, Efiopiya, Mərakeş, Cənubi Afrika və Konqo yığması isə hərəyə 1 dəfə qızıl mükafatçı olub. Maraq üçün Qananın 5 dəfə gümüş, Nigeriyanın isə 8 dəfə bürünc mükafata yiyələnməklə bu planda rekordçu olduqlarını da bildirək.
2019-cu ildə Misirdə baş tutan və Əlcəzair millisinin qələbəsi ilə nəticələnən son turnirdə olduğu kimi, AMK-da bu dəfə də 24 komanda iştirak edəcək. İştirakçılar hərəsində 4 komanda olmaqla 6 qrupda yarışacaqlar. Reqamentə əsasən qruplarda ilk iki yeri tutacaq 12 və qrup üçüncüləri arasında ən yaxşı göstəricilərə malik olacaq 4 yığma 1/8 finala vəsiqə qazanacaq. Qrup mərhələsi yanvarın 9-20-si aralığında keçiriləcək. Pley-off mərhələsinə isə yanvarın 23-də start veriləcək. Oyunlara paytaxt Yaunde, Limbe, Qarua, Bafusam və Duala şəhərlərindəki stadionlar səhnə olacaq. Final matçı fevralın 6-da Yaundedəki 42500 yerlik “Ahmadu Ahico”ya təyin olunub.