Ötən il dekabrın 2-də AFFA İcraiyyə Komitəsinin iclasında “Dalğa Arena”nın ərazisində yerləşən, federasiyaya məxsus 6 sot torpağın satılması ilə bağlı qərar qəbul olunmuşdu.
Bir müddət öncə qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan məsələ ilə bağlı açıqlama almışdıq. AFFA rəsmisinin fikirləri belə olmuşdu:
“Həmin ərazi federasiyaya məxsusdu. O vaxt “Dalğa Arena” tikiləndə AFFA-nın balansına verilib. Ərazi stadiondan kənardadı. Arena inşa olunarkən yolu da AFFA çəkmişdi. Həmin ərazi yolun kənarındadı. Tikinti zamanı AFFA-ya verildi ki, kimsə gəlib “mənim torpağımın yanında yol salınıb” deməsin. Yəni hazırda AFFA-ya istifadə üçün lazım deyil. Ərazinin satılması yolunda ilkin addım atılıb. “Əmlak Ekspert Servis” MMC torpağa qiymət qoyub. Onlar ərazinin 51 min manat dəyərində olduğunu bildirib. Lakin AFFA 71 min manata satmaq niyyətindədi. Hələ ki real alıcı yoxdu. Məsələ ilə bağlı hansısa yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”.
Axır ki AFFA torpaq sahəsini satıb. Bu informasiyanı da dünən Firuz Abdulladan aldıq:
“Torpaq satılıb. Dəqiq məlumat budu ki, satışı 70 min manata həyata keçirmişik. “Əmlak Ekspert Servis” MMC isə, bildiyiniz kimi, ərazini 51 min manat dəyərləndirmişdi”.
Məsələ ilə bağlı redaksiyamıza daha bir informasiya daxil olub. Belə ki, 6 sot ərazini fiziki şəxs birbaşa ödəniş edərək öz adına keçirib. Lakin mənbəmiz həmin adamın kimliyi ilə bağlı dəqiq məlumatının olmadığını bildirdi.
İLKİN SULTANLI