Dünən Fransa çempionatında 20-ci tura start verildi.
İlk oyun günündə ''Bordo'' ''Marsel''i qəbul etdi. Boş tribunalar önündə keçirilən oyunda ''Marsel'' Cengiz Ündərin qolu ilə minimal hesabla qalib gəldi. Türkiyə yığmasının vingeri 37-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Benua Kostilin topu oyuna yaxşı daxil edə bilməməsindən yararlanaraq gözəl keçidini dəqiq zərbə ilə tamamladı. Bununla da ''Marsel'' ''Bordo''ya qarşı səfər lənətinə son qoymuşdu. Belə ki, bu komanda bu rəqibini səfərdə sonuncu dəfə 44 il öncə - 1977-ci ilin oktyabrında yenmişdi.
O vaxtdan bu yana bu komandalar arasında Liqa-1 çərçivəsində ''Bordo''nun stadionunda keçirilən 36 qarşılaşmada meydan sahibləri 21 qələbəyə sevinmişdisə, daha 15 oyun heç-heçə başa çatmışdı. Uzun illərdi Fransa futbolunun diqqət mərkəzində olan bu seriya türkiyəli futbolçu sayəsində qırıldı. Cengiz ardıcıl 2-ci rəsmi matçda fərqlənməyi bacardı. O, komandasının 3:0 hesabı ilə qalib gəldiyi bundan əvvəlki kubok matçında da qol sevinci yaşamışdı. Ümumilikdə 24 yaşlı vinger bu mövsüm ''Marsel''in heyətində 21 rəsmi oyunda 7 qol vurub.