Bildiyiniz kimi, Əbu-Dabi “Qran-pri”sindən sonra Beynəlxalq Avtoidman Federasiyasının (FIA) yürüş direktoru Maykl Masinin taleyi ilə bağlı ən fərqli fikirlər səslənir.
“Ferrari”nin rəhbəri Mattia Binotto mövsümün finalında başverənləri xatırlayaraq, Masinin müdafiəsinə qalxıb: “Həmin vaxt hansı qərar verilsəydi, mütləq narazı adamlar tapılacaqdı. Hesab edirəm ki, Masi dünyada ən çətin işlərdən birini görür, xüsusən də mövsümün son mərhələsi keçirilən günlərdə. Bu şəraitdən hansısa dərslər çıxarmaq mümkündüsə, bunu etmək lazımdı. Düşünürəm ki, “Formula-1” komissiyasının iclasında belə də olacaq, gələcəkdə nəyisə yaxşılaşdırıb-yaxşılaşdırmamağa dair qərar veriləcək. Avtoidman üzrə Ümumdunya Şurasının göstərişi belədi. Bu ən vacib məqamdı.
“Ferrari” də başqa komandalar, FIA və “Formula-1” ilə birgə həmin vaxt nəyisə fərqli etməyin mümkünlüyünü müzakirə etməyə hazırdı. Bununla belə, hesab edirəm ki, Masinin qərarlarına dair mülahizə yürütmək mənim tərəfimdən düzgün olmazdı, axı o anda qərar vermək çox çətin idi. Güman etmək olar ki, Masinin bütün qərarlarla bağlı hansısa mülahizəsi olub, hərçənd nəyisə fərqli etməyin mümkünlüyünü də danmıram. Amma yenə də mənə mülahizə yürütmək çətindi...”