Son günlərdə ''Qalatasaray'' camiəsində gərginlik zirvə nöqtəsinə çatıb.
İstanbul nəhənginin ilk dövrəni liderdən 19 xal geridə - 10-cu pillədə tamamlaması, üstəlik ölkə kubokunda mübarizəni 1/16 finalda dayandırması baş məşqçi Fatih Terimlə başqan Burak Elmas arasında narazılıq yaranmasına səbəb olub. Srağagünkü xəbər isə gündəmə bomba kimi düşdü. Belə ki, Elmasın Terimə klubda futbol şöbəsinin başına keçməyi, yəni yönətici kimi işləməyi təklif etdiyi haqda şayiələr ortaya atıldı. ''İmperator''un dərhal öz ''tvitter'' səhifəsində geniş bir açıqlama paylaşması və klubdan ayrılmaq niyyətinin olmadığını qeyd etməsi bu söz-söhbətin boşuna olmadığını göstərdi. Xatırladaq ki, Burak Elmas ötən yay baş tutan prezident seçkisində ''Terimlə yola davam'' şüarı ilə namizəd olmuş və qalib gəldikdən sonra ünlü mütəxəssislə üçillik yeni müqavilə imzalanmışdı. Həmin tarixdən cəmi 6 ay sonra Elmasın Terimə faktiki baş məşqçi postunu tərk etməyi təklif etməsi birmənalı qarşılanmadı. Bu ikilinin arasından belə desək, qara pişiyin keçməsinə səbəb olan başqa olaylar da var. Məsələn, Terimin ilk dövrənin gedişində 6 oyunluq cəza alması və komandanın onun yoxluğunda çempionluq yolunda ciddi zərbələr alması rəhbərliyin narazılığına səbəb olub. Bundan başqa, idarə heyəti Terimin köməkçiləri Səlcuk İnanla Necati Atəşin məşqçilik qabiliyyətinin zəif olduğunu düşünür. Bu üzdən Terimə köməkçilərini dəyişmək təklif olunub. 68 yaşlı çalışdırıcı hələ ki bu baxımdan yekun qərarını verməyib. Və nəhayət, Elmas məşqçilər korpusu ilə rəhbərlik arasında bir növ körpü rolunu oynaması üçün yönətici Bülənt Bayraktarı Terimin məsləhətçisi vəzifəsinə təyin etmişdi. Amma Terimlə yola getməyən Bayraktar çarəni istefa verməkdə görmüşdü.
Bu arada Terimin sosial şəbəkədəki açıqlamasının ardından Burak Elmasla məşqçi arasında 2 saatdan çox davam edən bir görüş keçirildi. Terimin bazadakı otağında çay süfrəsi ilə başlayan görüş daha sonra restorandakı yeməklə davam etdi. Görüşdə ünlü məşqçi mətbuatda çıxan xəbərlərdən duyduğu narahatlığı dilə gətirdi. Daha sonra transfer, koronavirus kimi məsələlər də müzakirə olundu. Bu arada başqan Elmas dünən ''Milliyət'' nəşrinə verdiyi açıqlamada bunları dedi:
''Baş məşqçimizlə görüşdə ilk dövrəni dəyərləndirdik. 3 illik yazılı bir planımız var. Bu planın hansı hissəsində olduğumuzu və planın daha sürətli işləməsi üçün nələr edə biləcəyimizi müzakirə etdik. Terimin ayrılması ilə bağlı məsələ, ümumiyyətlə, gündəmimizdə yoxdu və bu mövzuya toxunmadıq. Transfer məsələlərində yekun qərar idarə heyətinə aiddi. Zatən yayda da danışıqlarda və klub başqanları ilə görüşlərdə özüm iştirak edirdim. Ancaq qışda transfer etməyimiz maddi şərtlərdən asılıdı. Büdcədə yer aça bilsək, transfer edəcəyik. Hələ ki heç bir oyunçumuza təklif gəlməyib. Bu durumda yeni oyunçu almağımız mümkün deyil. Rəhbərliyin Terimin köməkçilərini bəyənməməsi haqda ictimaiyyətdə formalaşan fikir isə yanlışdı. Onların ikisi də dəyərli futbol adamıdı. Bu məsələdə qərarı Terim özü verəcək''.