Premyer-liqa qış fasiləsinə yollanandan sonra klublardan ayrılan futbbolçuların yeni transferlərdən çox olması xüsusilə diqqəti çəkir.
Belə komandalardan biri də “Keşlə”di. Paytaxt təmsilçisi Con Kamara, Omar Qudiabi, Anatole Abanq və Nicat Qurbanov kimi futbolçularla vidalaşdı. “Bankirlər” həmçinin istedadlı oyunçularından Azər Salahlının “Neftçi”yə keçidinə mane ola bilmədi. Gedənlərin müqabilində isə yalnız Fəhmin Muradbəyli komandaya cəlb olundu.
Artıq azad agent olan Nicat Qurbanov 2021-ci ilin qış “transfer pəncərəsi”ndə “Samtredia”nı tərk edərək “Keşlə”yə qoşulmuşdu. 2019-dan qonşu ölkə klubunda çıxış edən yarımmüdafiəçinin çempionatda 10 qol vurması da çox şeydən xəbər verirdi. Lakin “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov 28 yaşlı futbolçuya geridə qalan 14 tur ərzində meydana çıxmaq şansı tanımadı. Bunu nəzərə alaraq Nicatla danışmağı lazım bildik. Futboçu sullarımıza qısa cavablar verməklə kifayətləndi.
-"Keşlə"dən ayrılmağına səbəb nə oldu?
- Müqaviləmin müddəti başa çatdı. Uzatmamağa gərar verdik. Ona görə də komandadan ayrıldım
- Sənan Qurbanovun sənə şans verməməsiylə bağlı nə düşünürsən?
- Açığı, bu suala cavab verməkdə çətinlik çəkirəm. Məşqçinin qərarıdı, ondan soruşsaz, daha yaxşı olar.
– Premyer-liqanın ilk yarısında meydana çıxmadığına görə özündə günah görürsən?
- Günah deməzdim. Hardasa məyusluq var.
- “Keşlə"yə keçdiyin üçün peşmanlıq hiss edirsiz?
- Qətiyyən peşman deyiləm. “Keşlə” ilə ölkə kubokunun qalibi oldum. Bu, mənim ilk titulum idi.
- "Keşlə"nin ilk yarıdakı uğursuz çıxışının səbəbini nədə görürsən?
- Düşünürəm ki, komanda qış fasiləsində mütləq güclənməlidi. Amma düzgün cavabı baş məşqçi bilir.
- Bir neçə gündü komandadan ayrılmısan. Təkliflər, danışıq apardığın klublar var?
- Bu işlərlə agentim Vaqif Heydərli məşğul olur. Real nəsə olanda mənə də deyir. Hələ ki sakitlikdi.
- Eşitdiyimizə görə, yenidən Gürcüstana qayıtmaq istəyirsən...
- Hələ ki ortada rəsmi heç nə yoxdu. Amma danışıqlar davam edir.
SƏNƏM FƏRHADOVA