Premyer-liqanın 2021/22 mövsümü Fəhmin Muradbəyli üçün çox yaxşı başladı.
Yarımmüdafiəçi ardıcıl 2 turda 2 qol vurdu. Hamı onun cari “futbol ili”ndə “Neftçi”nin yeni ulduzu olacağına ümid etsə də, bu, baş vermədi. Fəhmin 14 turun cəmi 3 oyununda şans qazandı. 2021-ci ilin sonlarında isə flaqman rəhbərliyi onu “Keşlə”yə icarəyə göndərdi.
Həm yeni komandası ilə bağlı fikirlərini öyrənmək, həm də ili dəyərləndirməsi üçün Fəhminlə əlaqə saxladıq. Onunla “Neftçi”də oyununun alınmamasının səbəbləri, “Keşlə”də özünü sübut etmək istəyi barədə danışdıq.
- "Keşlə"yə keçidini dəyərləndirərdin...
- Bu kluba keçməklə düzgün addım atmışam. “Keşlə” ilə 5 aylıq icarə müqaviləsi bağladıq. Çempionatda “Neftçi”nin heyətində o qədər də çox meydanda ola bilmirdim. Daha çox şans qazanmaq istəyirdim. Ona görə də belə qərar verdim. Daha çox oyun təcrübəmin olmasını istəyirəm.
- Yeni komandanda daha çox oyunda meydanda ola biləcəksən?
- Bunun dediyiniz kimi olacağını düşünürəm. Bu, daha çox baş məşqçinin qərarından asılı olacaq. Gəlin, belə danışaq. Məni bura ehtiyatda oturtmaq üçün çağırmayıblar. Təbii ki, hər şey özümü məşqlərdə göstərməyimdən, oyunlardakı çıxışımdan asılıdı. Yenə deyirəm, məni yəqin ki, bura boşuna dəvət etməyiblər. Mən də daha çox meydanda olmaq istəyirəm. Belə olan halda sevinərəm.
- "Keşlə" avrokuboklara vəsiqə qazansa, qalmaq haqda düşünəcəksən?
- Bunu zaman göstərəcək. Hazırda istirahətdəyəm, bayram tətilinə çıxmışam. Bu arada hamının Yeni ili mübarək olsun. İnşallah, yanvarın 6-da məşqlər başlayacaq. Dediyiniz məsələni mövsümün sonunda düşünəcəm. Yenə deyirəm, hazırda ailəmlə, sevdiklərimlə birgə istirahət edirəm.
- Fəhmin "Keşlə"yə özünü sübut etmək üçün keçib?
- “Fəhmin “Keşlə”yə özünü sübut etməyə gəlib” demək bir az pis çıxır. Mən əvvəl də icarədə olmuşam. “Neftçi”dən “Səbail”ə keçmişdim. Düzdü, o vaxt flaqmanda daha çox pul alırdım. Amma ardıcıl 13 tur şans verilmədi. Bu səbəbdən də öz istəyimlə “Səbail”ə keçmişdim. Şükürlər olsun ki, orda çox yaxşı iki mövsüm keçirdim. Avropa Liqasında çıxış etdik. Həmin vaxt üçün ən düzgün qərarı vermişdim. İndi də eyni qənaətdəyəm. Buna “özünü sübut etmək” deməyək. Həm karyeram, həm də “Keşlə”yə kömək etmək üçün bura gəlmişəm.
- Çempionatın ilk 2 turunda 2 qol vurmusan. Sonra nə oldu ki, şans qazanmadın?
- Ardıcıl 2 turda qol vurdum. Bundan sonra 9 oyunda 1 dəqiqə belə şans qazanmadım. Hamıya bu sual maraqlıdı. Hər kəs soruşur ki, nə oldu? Ətrafımdakılar, tanışlarım, dostlarım, hətta valideynlərimin təəccübünə səbəb olmuşdu bu məsələ. Həqiqətən mən də bu suala cavab tapa bilmirdim. Təbii ki, qərar Samir Abasova məxsus idi. Onun fikirlərinə hörmət etmək lazımdı. Mən ilk 2 turda müdafiəçi yox, sağ cinah yarımmüdafiəçisi kimi oynadım. Həmin oyunlarda meydana, demək olar ki, 4-3-3 sxemi ilə çıxırdıq. Düşünürəm ki, heç də pis çıxış etmədim. Bundan sonra komanda ardıcıl 9 tur meydana 5-li müdafiə sistemi ilə çıxdı. Bu matçlarda 1 dəqiqə belə şans qazana bilmədim. 4-3-3 sistemində daha yaxşı oynaya bilirəm. Açığı, müdafiəçi kimi effektli deyiləm. Bunu oyunumla da sübut etmişəm. Hamı da görür ki, yarımmüdafiəçi kimi fərqli, müdafiəçi kimi isə tam fərqli oynayıram.
- Elə bu barədə sual vermək istəyirdim. "Neftçi"də sağ cinahda, demək olar ki, hər yerdə oynadın. Amma biz səni hücumameyilli yarımmüdafiəçi kimi tanıyırıq. Yeni komandanda hansı mövqedə oynamaq istəyirsən?
- Arif Əsədov, Samir Əliyev “Neftçi”də baş məşqçi olanda yarımmüdafiəçi kimi çıxış etmişəm. Həmişə 4-3-3 sxemində məşqçilər mənə güvəniblər. Əsgər Abdullayevlə Elxan Abdullayevin vaxtında da belə olub. Tərlan Əhmədov baş məşqçi olanda belə, cinahda yarımmüdafiəçi kimi çıxış etmişəm. “Səbail”də üç mövsüm futbol oynamışam. Hamısında məni cinah yarımmüdafiəçisi kimi sınayıblar. Müdafiədə oynayaram, komandanın qələbə qazanması üçün əlimdən gələni edərəm. Amma bu, 1-2 oyun məcburiyyətdən ola bilər. Lakin hər qarşılaşmada müdafiədə çıxış edə bilmərəm. Məndə bu xüsusiyyətlər yoxdu. Mən hücumameyilli yarımmüdafiəçiyəm. Forvardlara xas xüsusiyyətlər məndə formalaşıb. Yəqin məni hamı başa düşdü. Ümid edirəm ki, sualınıza yetərincə aydın cavab verdim.
- 2021-ci ili sənin üçün necə keçdi?
- Mənim üçün yaddaqalan oldu. Həm çempionluq yaşadım, həm də dekabrın 26-da nişanım oldu. Düşünürəm ki, həm titul qazandığıma görə, həm də şəxsi həyatım baxımından çox da pis keçmədi. Amma futbolçu kimi düşünəndə az oynadığım üçün yaxşı il olmadığını düşünürəm. Necə yaxşı deyə bilərəm axı? Çempionatda cəmi 3 oyunda meydanda olmuşam və 2 qol vurmuşam.
- 2022-dən nə gözləyirsən?
- Vallah, gözləməklə heç nə əldə etmək olmur. Çox çalışmaq lazımdı. Mən də buna çalışacam. İnşallah, bu il karyera baxımından işlərim yaxşı gedər. Çox çalışacam ki, milli komandaya dəvət alım. Əsas məqsədim budu. Bir də mənə etimad göstərənlərin ümidlərini doğrultmaq istəyirəm.
İLKİN SULTANLI