Dünən İspaniya çempionatında 20-ci tura start verildi.
Günün və turun ilk oyununda ''Xetafe'' ''Real''ı qəbul etdi. İki Madrid təmsilçisinin duelinde sürpriz nəticə qeydə alındı. Aşağı pillələrdə qərarlaşan ''Xetafe'' inamla turnir cədvəlinə başçılıq edən ''Kral klubu''nu minimal hesabla yendi. Özü də meydan sahiblərinin heyətində yeganə qolu türkiyəli Enes Ünal vurdu! Türkiyə yığmasının forvardı 9-cu dəqiqədə Militaonun kobud səhvindən sonra topu ələ keçirərək Kurtuanı məyus etdi. 24 yaşlı forvard həm də 2022-ci ildə la liqada vurulan ilk qolun müəllifi kimi tarixə düşdü. Enes oyundan sonra bunları dedi: ''Meydanda az qala ölümünə savaşdıq. Çox yaxşı mübarizə apardıq. Militaodan topu oğurlamağıma gəlincə, bəzən hücumçular bu cür anları hiss edərək səhvi bağışlamırlar. Mən də bunu hiss edərək qolumu vurdum''. Son dönəmlərdə əla formada olan və hətta noyabrda fanatlar tərəfindən komandasının ən yaxşı oyunçusu seçilən Ünal mövsümdə 6-cı qolunu vurdu. Cari ''futbol ili''ndə ''Xetafe''nin vurduğu 13 qolun 6-nın müəllifi olan forvard komandasının ən məhsuldar oyunçusu statusundadı. Yüksəlişdə olan Madrid klubunun evdə ardıcıl 4-cü oyunda qapısını toxunulmaz saxlaması diqqət çəkdi. ''Real''a gəlincə, komandanın rəsmi oyunlarda 15 matçlıq məğlubiyyətsiz seriyası qırıldı. Sonuncu dəfə oktyabrın 3-də səfərdə ''Espanyol''a uduzan ''blankos'' sonrakı 15 oyundan 13 qələbə, 2 bərabərlik ilə ayrılmışdı.