Türkiyə çempionatı son illərdə olduğu kimi bu mövsüm də məşqçi istefalarının bolluğu ilə diqqət çəkir.
Ən son yeni il ərəfəsində ''Alanyaspor'' Bülənt Korkmazla yollarını ayıraraq Françesko Farioli ilə anlaşdı. Bununla da superliqanın ilk dövrəsində 12 komandada ümumilikdə 15 məşqi dəyişikliyi yaşandı. ''Kasımpaşa''nın 19 tur ərzində 3 məşqçi (Şenol Can, Cihat Arslan, Hakan Kutlu) ilə yollarını ayırması diqqət çəkdi. Bu məşqçilərdən Hakan Kutlu cəmi 51 gün klubun başında qalaraq mövsümün antirekorduna imza atdı. Bundan başqa ardıcıl iki mövsümdü son çempion statusunda olan məşqçinin qovulması diqqət çəkir. Ötən mövsüm bu aqibəti ''İstanbul BŞ''də Okan Buruk, bu dəfə isə ''Beşiktaş''da Sərgən Yalçın yaşadı. Son iki mövsümdə superliqada komanda sayı ən azı 20 olduğundan orta hesabla istefaların sayı da artıb. Məsələn, 21 komanda ilə oynanılan 2020/21-də 33 istefa reallaşmışdı. Ondan əvvəl isə 18 komanda ilə oynanılan mövsümlərdən 2019/20-də 19, 2018/19-da və 2017/18-də 18, 2016/17-də 20 istefa baş tutmuşdu. Yəni 2016-dan bu yana geridə qalan 5,5 il ərzində Türkiyə çempionatında ümumilikdə 123 (!) dəfə məşqçi ilə yollar ayrılıb. Avropanın ən güclü 10 çempionatına nəzər salsaq, görərik ki, bu mövsüm istefalarda ikirəqəmli həddə çatan yeganə turnir superliqadı (15). Bu göstəricidə ikinci pillədə hərəsində 9 istefa yaşanan İngiltərə, İspaniya, Portuqaliya və Rusiya qərarlaşıb. Onları 8 istefa ilə Ukrayna təqib edir. Bu mövsüm ən az istefa isə İtaliya (5) və Fransada (4) yaşanıb.