Türkiyə çempionatında mövsümün ilk dövrəsi ''Trabzonspor''un inanılmaz performansı və İstanbul nəhənglərinin fiaskosu ilə başa çatdı.
Bu arada ilk dövrənin VAR yekunları da açıqlanıb. Baş tutan 190 qarşılaşmada VAR sayəsində qəbul olunan qərarlar belə bölüşdürüldü.
Penaltı verildi: 24
Qol ləğv olundu: 16 (11-i ofsayd, 3-ü qayda pozuntusu, 2-si əllə oynama üzündən)
Qırmızı vərəqə verildi: 8
Penalti ləğv olundu: 6
Qol keçərli sayıldı: 3
Penalti təkrar vuruldu: 1
VAR müdaxiləsindən belə desək, ən çox qazanclı çıxan klublar ''Trabzonspor'', ''Çaykur Rizəspor'' və ''Konyaspor'' oldu. Lider ''Trabzonspor''un 5 oyununda ümumilikdə 8 dəfə VAR müdaxiləsi oldu və bunların 6-da qaradənizlilərin lehinə qərar verildi. Rizəlilərin lehinə 4 qərar qəbul olunsa da, komandanın VAR müdaxiləsi olan 6 matçdan 4-də məğlub olması diqqət çəkir. Ümumilikdə ilk dövrədə 20 komandanın 9-da VAR-da lehinə verilən qərarların sayı əleyhinə verilən qərarların sayını üstələdi. Ən diqqət çəkən statistika ''Göztəpə''di. İzmirlilərdə 7 qərarın 4-ü onların lehinə olsa da, komanda həmin matçların heç birində qalib gələ bilmədi.
VAR-ın əleyhinə işlədiyi klubların siyahısına ''Alanyaspor'', ''Yeni Malatyaspor'' və ''Qalatasaray'' başçılıq edir. Burda isə ''Sivasspor''un statistikası diqqət çəkir. ''Yigidolar''ın 4 matçında 4 VAR müdaxiləsi baş verdi. Bunlardan 3-ü komandanın əleyhinə olsa da, sivaslılar bu oyunların heç birində məğlub olmadı! VAR müdaxiləsi olan matçların heç birində uduzmayan digər iki komanda ''Trabzonspor''la ''İstanbul BŞ''di. VAR-da ilk dövrədə İstanbul nəhənglərindən ''Qalatasaray''ın lehinə 1, əleyhinə 4, ''Beşiktaş''ın lehinə 3, əleyhinə 5 və ''Fənərbaxça''nın lehinə 3, əleyhinə 3 qərar qəbul olundu.