Azad agent statusuna malik olan Kristian Eriksen karyerasını tezliklə bərpa etməkdə qərarlıdı.
Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. O, Eriksenlə Danimarka, Niderland və İngiltərə klublarının danışıqlar apardığını da yazıb. Qeyd edək ki, Eriksenin sonuncu klubu “İnter” olub. Tərəflər dekabrın 17-də qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər. Buna İtaliyada ürəyində defibrillyator olan idmançının idmanla məşğul olmasına icazə verilməməsi səbəb olub.
Xatırladaq ki, Eriksen Avropa çempionatının iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu oyunu zamanı ürəktutması keçirib. Bu səbəbdən mikroəməliyyata məruz qalan danimarkalı yarımmüdafiəçinin ürəyinə kardioverter-defibrillyator qoyulub. Kristian 6 aydan çox müddətdi rəsmi matçlarda meydana çıxmayıb.