26 illik fasilədən sonra superliqaya qayıdan və iddialı heyət quran ''Adana Dəmirspor'' üçün ilk dövrəni uğurlu saymaq olar.
Komanda ilk qələbəsini yalnız 5-ci turda qazansa da, dövrəni 6-cı pillədə tamamladı. Adanalıların ən çox diqqət mərkəzində olan oyunçusu Mario Balotelli 18 matçda 7 qol, 2 məhsuldar ötürməlik performansla ilk dövrədə komandasının ən məhsuldar oyunçusu oldu. Bir müddət öncə Fatih Terimə dəstək verən bir paylaşımla diqqət mərkəzinə düşən təcrübəli italiyalı forvardın ''Qalatasaray''ın maraq dairəsinə düşməsi ilə bağlı şayiələr yayılıb. ''Adana Dəmirspor''un başqanı Murat Sancak jurnalistlərlə son görüşündə bu və başqa məqamlar haqda danışıb:
''Debütant komanda kimi ilk mövsümdə hədəfimiz elitada qalmaqdı. Durumumuz çox yaxşıdı. Son matçda avtoqolla qələbəni əldən verməsəydik, ilk dövrəni 32 xalla tamamlayacaqdıq. Qış transfer dönəmində ən azı iki-üç yeni oyunçu alacağıq. Baş məşqçimiz Montella ilə transfer məsələlərini ətraflı müzakirə edəcəyik. Balotellinin ''Qalatasaray''a transfer olunacağı ilə bağlı xəbərlərin hardan çıxdığını bilmirəm. Bizim qulağımıza belə xəbər gəlib çıxmayıb. Məndən oyunçu almaq bu qədər asan deyil. Balotellinin paylaşımına gəlincə, onun Fatih Terimə böyük hörməti var və bu addımı, sadəcə, dəstək vermək məqsədi ilə atmışdı. Balotelli bizim icazəmiz olmadan Türkiyədə başqa klubun şərəfini qoruya bilməz! Bu transfer yalnız mən icazə versəm, baş tuta bilər. Balotellini niyə əldən verək? Çempionatın ən yaxşı oyunçusudu! Kimin pulu varsa, təklifini irəli sürsün və danışıqlara başlayaq. Onu 10 milyon avrodan aşağı qiymətə satmaram. Bizə heç bir təklif gəlməyib. Balotelli komandamız üçün dəyərli oyunçudu və zatən satmaq niyyətimiz də yoxdu. ''Qalatasaray''ın 3 oyunçusu ilə yaxından maraqlanırıq. Bunlar Ömər Bayram, Aytac Kara və qapıçı Fatih Öztürkdü. Bundan başqa, ''Bursaspor''dan ayrılan və azad futbolçu statusunda olan İsmayıl Çokçalışı da həyətə qatmağa çalışacağıq''.