“Flamenqo”nun baş məşqçi problemini Paulu Souzanın sayəsində həll etmək planı baş tutmaq üzrədi.
Rio de Janeyro klubunun bir neçə həftə əvvəl istefaya göndərilən Renato Qauşunun yerinə onu da namizəd saydığı məlum idi.
Bu səbəbdən Paulu Souzanın tezliklə Polşa yığmasını tərk edə biləcəyi xəbər verilmişdi. Tanınmış jurnalist Nikolo Skiranın verdiyi məlumatda 51 yaşlı mütəxəssislə “Flamenqo” arasında aparılan ilkin danışıqların müsbət nəticələndiyi, Paulu Souzanın “2+1 il” sxemi üzrə müqavilə bağlamağa razılıq verdiyi bildirilirdi. Lakin Polşa Futbol İttifaqı (PFİ) milli komandanın çalışdırıcısının postunu tərk etməklə bağlı xahişini rədd edib. PFİ-nin prezidenti Tsezari Kuleşa portuqaliyalı məşqçinin müqaviləsini pozmaq istəyi ilə razılaşmayıb. Qeyd edək ki, Polşa yığması gələn il martın 24-də Moskvada Rusiya ilə DÇ-2022-nin seçmə pley-off oyunu keçirəcək.
Amma PFİ rəhbərliyi Paulu Souzanın indiki iş yerində istəksiz çalışacağını nəzərə alaraq onun Braziliyaya yollanmasına razılaşıb. Bu səbəbdən dekabrın 29-na futbol qurumunun növbədənkənar iclası təyin edilib. Yerli mənbələr Adam Navalkanın baş məşqçi postuna qayıtmağa hazır olduğunu qeyd edir. Ancaq o, milli komandanı pley-off oyunlarından sonra tərk etmək imkanının olmasını şərt kimi irəli sürüb.