Son günlər dünya mediasında “Formula-1” üzrə dünya çempionatının yeddiqat qalibi Lüis Hemiltonun karyerasını bitirəcəyi ilə bağlı şayiələr dolaşır.
Qurumun sabiq rəhbəri Berni Ekklstounun fikrincə, britaniyalı pilot, doğrudan da, avtoidmandan gedəcək və “Mersedes” ona əvəzedici axtarmalıdı.
- Əbu-Dabi mərhələsindən sonra Lüis Hemiltonla danışmısızmı?
- Yox, ancaq bir neçə gün əvvəl atası ilə zəngləşdik. Dərhal anladım ki, oğlunun gələcəyini ilə bağlı suala cavab verməyəcək, bu üzdən ancaq biznesdən danışdıq.
- İndi hər kəs Lüisin nə düşündüyü ilə maraqlanır...
- Onun düşüncələrindən xəbərdar olmasam da, dönəcəyini düşünmürəm. Lüis hədsiz məyusdu, ancaq onu anlamaq olar. Mihael Şumaher kimi o da 7 titul qazanıb, odu ki, arzusunu gerçəkləşdirə və dəb dünyasında iş adamı ola bilər.
- Əbu-Dabidəki mövsümün finalı haqda nə düşünürsüz?
- Son dövrələrdə çox şey yolunda getmədi. Yürüş direktoru Maykl Masi Nikolas Latifinin qəzasından dərhal sonra qırmızı bayraqla yarışı dayandırsaydı, bir çox problemdən qurtula bilərdi. Onda bizi Maks Ferstappenlə Lüis arasında son üç dövrədə amansız mübarizə gözləyəcəkdi.
- Hemilton karyerasını bitirməyə qərar versə, onda 2022-də “Mersedes” onsuz ciddi rəqib sayılmayacaq?
- Doğrudu. Ancaq Lüis 2022-də yalnız uduza bilər. Yeni texniki reqlamentə uyğunlaşdırılan maşınlara keçidin qüvvələr nisbətinə necə təsir edəcəyini bilmirik. Lüis Corc Rassellin şəxsində ambisiyalı tərəfdaş qazanacaq, baxmayaraq ki, əksər ekspertlərdən fərqli mən ona inanmıram. Bundan başqa, Ferstappeni də unutmayaq. Lüis onun şəxsində illər sonra bərabər rəqib tapıb.
- Ferstappen belə hesab edir ki, Hemilton getməyəcək...
- Mən onu anlayıram. Maks hamının yüksək dəyərləndirdiyi Hemiltonla yarışır. Belə güclü rəqiblə mübarizədə çempion olmaq çox dəyərlidi. Mən isə iddia edirəm ki, Maks hazırda dünyanın ən yaxşı pilotudu.
- Maks titulu qoruya biləcəkmi? Bu faktı da nəzərə alaq ki, “Red Bull” 2022-də güc qurğularına özü müstəqil şəkildə qulluq edəcək.
- Bununla bağlı narahat olmağa dəyməz. “Honda” rəsmən “Red Bull”dan ayrılandan sonra da hadisələrin inkişafını diqqətlə izləyəcək.
- Sonuncu dəfə telefonla kimlə danışmısız?
- Karlos Saynsın atası mənə zəng etmişdi ki, oğlunun durumu ilə bağlı danışsın.
- Və hansı yeniliklər var?
- Belə deyək. Karlosun mövsümün sonunda şəxsi hesabda Şarl Lekleri qabaqlaması Maranelloda hər kəsi təəccübləndirib. Mən həmişə Lekleri yaxşı pilot saymışam. Ancaq bundan artıq yox.
Yeri gəlmişkən, “Mersedes”in rəhbəri Toto Volff da Hemiltonun karyerasını bitirə biləcəyi ilə bağlı şayiələri şərh edib: “Mən çox nikbin əhval-ruhiyyədəyəm. Lüis son dörd mərhələdə şəriksiz dominantlıq etdi, bu səbəbdən hesab edirəm ki, o, gələn il də bizimlə qalacaq və yeni uğurlara nail olacaq”.
Qarşıdakı “Formula-1” mövsümü Hemiltonun karyerasında ardıcıl 16-cı çempionat olacaq. Onun son mövsümdə titulu Ferstappenə təhvil verdiyini də bir daha xatırladaq.