Azərbaycan premyer-liqasında qış fasiləsi start götürəndən transfer xəbərlərində ən çox adı hallanan “Neftçi”di.
Flaqman heyətini gücləndirmək üçün yerli futbolçularla danışıqlar aparır. Cari mövsümdə legionerlərindən gözlədiyi nəticəni ala bilməyən "ağ-qaralar" qış "transfer pəcərəsi"ndə azərbaycanlı futbolçularla güclənməyi planlaşdırır.
Son çempionun bu yöndə ilk hədəfi Eddi İsrafilovdu. Hazırda İspaniyada olan futbolçu özü də bu keçidə müsbət yanaşır. Bəs oyunçunun transferi nə zaman açıqlanacaq? Məsələyə aydınlıq gətirməsi üçün klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:
"Eddi İsrafilovla danışıqlarımız gedir. Xırda detallar qalıb. Onlar müzakirə edilir. Razılıq əldə olunandan sonra oyunçu Bakıya dəvət olunacaq və rəsmi müqavilə bağlanacaq".
Samir Abasovun komandası uzun müddətdi ki, sol cinah müdafiəçisi çatışmazlığından əziyyət çəkir. Təcrübəli mütəxəssis Yusuf Lavalı həm burda, həm də yarımmüdafiədə oynadır. Bu da komandanın çıxışına təsir göstərir. Artıq “Neftçi” bu problemi həll etmək üzrədi. “Ağ-qaralar” millimizin üzvü Azər Salahlını transfer etməyi planlaşdırır. “Keşlə”nin müdafiəçisi ilə danışıqlar başlayıb.
Məsələ ilə bağlı Rüstəm Allahverdiyevin fikirləri belə oldu:
“Bəli, Azər Salahlı maraqlandığımız futbolçudu. Onunla artıq danışıqlara başlanılıb. Bundan əlavə, futbolçunun çıxış etdiyi “Keşlə” ilə danışıq gedir. Onunla bağlı hansısa yenilik olsa, ictimaiyyətə bu haqda məlumat veriləcək”.
ILKIN SULTANLI