“Flamenqo”nun baş məşqçi problemini Paulu Souzanın sayəsində həll etmək planı baş tutmayıb.
Rio de Janeyro klubunun bir neçə həftə əvvəl istefaya göndərilən Renato Qauşunun yerinə onu da namizəd saydığı məlum idi. Bu səbəbdən Paulu Souzanın tezliklə Polşa yığmasını tərk edə biləcəyi xəbər verilmişdi. Tanınmış jurnalist Nikolo Skiranın verdiyi məlumatda 51 yaşlı mütəxəssis ilə “Flamenqo” arasında aparılan ilkin danışıqların müsbət nəticələndiyi, Paulu Souzanın “2+1 il” sxemi üzrə müqavilə bağlamağa razılıq verdiyi bildirilirdi.
Lakin Polşa Futbol İttifaqı (PFİ) milli komandanın çalışdırıcısının ostunu tərk etməklə bağlı xahişini rədd edib. PFİ-nin prezidenti Tsezari Kuleşa portuqaliyalı məşqçinin müqaviləsini pozmaq istəyi ilə razılaşmayıb. Qeyd edək ki, Polşa yığması gələn il martın 24-də Moskvada Rusiya ilə DÇ-2022-nin seçmə pley-off oyunu keçirəcək.