Azərbaycanda uşaq futbolunun problemləri: Sağlam təməllər üzərində sağlam bina... Olacaqmı?

Azərbaycanda uşaq futbolunun problemlərinə həsr olunmuş layihə çərçivəsində növbəti yazını oxucularımıza təqdim edirik. Budəfəki müsahibimiz futbol ictimaiyyətinə və azarkeşlərə yaxşı tanışdı. Çılğın “Qalatasaray” azarkeşi olan Ceyhun Əzizli “UltrAslan” fan-klubunun yaradıcısıdı. Elə “Qaralatasaray”a olan sevgisinə görə övladlarına Arda və Turan adını verib. Sevindirici haldı ki, bu gün Arda da, Turan da futbolda ilk addımlarını atır, top oyununun sirlərini öyrənməyə çalışır. İki övladını futbol məşqlərinə aparan Ceyhun bəyin bu sahəyə, onun problemlərinə bələd olduğuna şübhə etməyə dəyməz. Elə bu səbəbdən də onunla söhbətləşməyə qərar verdik.

- Ceyhun bəy, sizi həm fəal futbol azarkeşi, həm də idman mətbuatının fəal nümayəndəsi kimi tanıyırıq. Eyni zamanda Arda ilə Turanın atası kimi məşhursuz. Hazırda hər ikisinin futbolla məşğul olduğunu bilirik. Onlar hansı klublarda məşq edirlər? Hansı mövqelərdə oynayırlar?

- Düzgün qeyd etdiz. Hazırda həm Arda, həm də Turan futbolla məşğul olur. Daha doğrusu, bu oyunun incəliklərini “Qarabağ”ın uşaq komandalarında öyrənirlər. Arda Əzizli “Qarabağ”da U-12 komandasının futbolçusudu, oyun qurucusu mövqeyində çıxış edir. Turan Əzizli isə U-10 komandasında sağ cinah yarımmüdafiəçisidi. Hər ikisi yarımmüdafiəçi olsa da, qərarlaşdıqları mövqelər fərqlidi. Təkcə mövqeləri yox, futbolçu kimi xüsusiyyətləri də bir-birindən fərqlənir. Arda sol ayaqla oynamağa üstünlük verir, solaxaydı. Turan isə sağ ayağıyla oynayır. Şükürlər olsun ki, hər ikisi öz komandasında yer tutub, heyətə düşürlər. Arda beş yaşından futbolla məşğul olur, artıq 6 il tamamdı. Turanı da 5 yaşından futbol məşqlərinə aparıram, onun da 4-cü ilidi. Onların gələcəyinə həm bir ata kimi, həm də futboldan baş çıxaran biri kimi inanıram.

- Məşhur türkiyəli futbolçunun şərəfinə adlandırdığınız övladlarınız onun davamçısı ola biləcəklərmi? Ümumiyyətlə, onlarda futbola marağı siz oyatdız, yoxsa özləri qərar verdilər?

- Tam səmimi deyirəm ki, özlərinin qərarı belə olub. Təkcə bu məsələdə yox, heç bir sahədə mən onları nəyəsə məcbur etmərəm. Ailəmizdə futbola maraq böyükdü, uşaqlar da gözlərini açandan evdə futbol, top, forma görüblər. Hər ikisinin bugünkü gündə əsas maraq dairəsi futbola baxmaq, futbolla məşğul olmaq və dərs oxumaqdı. Hərdən onları yoxlamaq üçün deyirəm ki, sizi məşqə aparmayacam. Görürəm ki, dərhal həyacanlanırlar, narahat olurlar. İnşallah, bu yolu da həvəslə davam edəcəklər. Mən görsəm ki, bu yolda onların gələcəyi yoxdu, onları başqa sahəyə yönəldərəm. Məşqçiləri də, futbol mütəxəssisləri də deyirlər ki, hər ikisinin futbolçu kimi böyük gələcəyi var. Allah eləsin ki, Azərbaycanda komanda sayı artsın və bizim övladlarımız futbol oynamağa komanda tapsınlar.



- Biz bu layihə çərçivəsində indiyə qədər Şahin Diniyev və İlqar Tağıyevlə də söhbətləşmişik. Onlardan futbolçu valideynlərinin hansı çətinliklərlə üzləşdiyini soruşmuşuq. Eyni suala sizdən də cavab almaq maraqlı olardı. Övladını futbola yazdıran, onları futbolçu kimi görmək istəyənlər hansı çətinliklərlə üzləşirlər?

- Çətinlik çoxdu. Hansından başlayım? Azərbaycanda uşaq futbolu məhv olmaq üzrədi. Bunu hamı görür. Təkcə uşaq futbolu yox, elə ümumi futbolumuz böhran keçirir. Bizim 12 yaşadək futbolçularımız “Barselona”dakı həmyaşıdları ilə bərabərsəviyyəli futbol oynaya bilər. Amma uşaqlar böyüdükcə düzgün istiqamətləndirilmir, məşqlər düzgün keçirilmir. Uşaqlar elə yerdə məşq edirlər ki, orda nəinki qaçmaq, hətta yerimək də təhlükəlidi. Bu gün Azərbaycan çempionatının oyunları keçirilən bəzi stadionlarda futbol oynamaq qadağan olunmalıdı. Təəssüf ki, bizim balalarımız orda futbol oynayır. Bunu da hamı görür. Məşqçilər əziyyət çəkir, işinə vicdanla yanaşır. Di gəl ki, belələrinin sayı çox azdı. Ən çox övladlarımın səhhəti üçün narahatçılıq keçirirəm. Bir də bəzi məşqçilərin uşaqlarla davranışına görə.

- Hiss edirəm ki, ürəyiniz doludu. Bu sahəylə yaxşı tanışsız, övladlarınızla birlikdə məşqlərə gedirsiz, müşahidələr aparırsız. Ən çox hansı problemlər diqqətinizi çəkib?

- Əlbəttə, problemlərlə yaxından tanışam. Özü də həmin problemlər təkcə mənim övladlarım üçün yox, hamı üçün var. Əksər məşqçilərin heç uşaq futbolundan anlayışı yoxdu. Onların uşaqlara yanaşması, onlarla davranışı xeyli yanlışdı. Məşqçilər olur ki, kasıb uşaqlara bir, varlıların övladlarına münasibətdə başqa cür davranış sərgiləyir. Mənim övladlarımın ikisi də ilk addımlarını “Vətən” futbol məktəbində atmağa başlayıblar. Sonra Arda “Qarabağ”a gəldi, ikisi də eyni yerdə məşq etməsəydi, mənə də çətin olacaqdı. Ona görə də Turanı da “Qarabağ”a gətirdim. Bunu ona görə deyirəm ki, indiyə qədər xeyli məşqçi ilə qarşılaşmışam, onların bəzilərinə müəllim deməyə utanıram. Elə məşqçi olur uşağın valideynindən rüşvət umur, digər uşaqlarla pis rəftar edir, onlara nalayiq sözlər deyir. Məşqçi 10-11 yaşlı uşaqla düşmən kimi rəftar edir. Ya uşaq futbolunu birdəfəlik ləğv etmək lazımdı, ya da bu sahəyə daha ciddi yanaşmalıyıq. Uşaq komandaları üzrə əlaqələndiricilər var, amma onların nə işlə məşğul olduğu bilinmir. Bəzi məsələlər var ki, böyük xərc tələb etmir. Məşqçiləri xaricdə təcrübə keçməyə göndərirsən, onlar da orda müasir futbolu, məşq metodlarını öyrənir. Öyrənsinlər, bilsinlər ki, uşaqla necə rəftar etmək lazımdı, ona necə məşq keçməliyik. Məşqçilər heç maraqlanmır ki, məşqə gələn uşağın qarnı toxdu, yaxud ac. Uşaqlar futbol oynayır, lakin elementar qaydaları bilmirlər. Onlara izah edilmir ki, aut atışından sonra oyundankənar vəziyyət olur, ya olmur. Elementar qaydalar uşaqlara öyrədilmir. Mən az qala bütün uşaq komandalarını, orda çalışan məşqçiləri tanıyıram. Vəziyyət heç də yaxşı deyil. Bunun da məsuliyyəti klub rəhbərliyinin üzərinə düşür. Biz də istəyirik ki, futbolumuz inkişaf etsin, uşaq futbolunun problemləri həll olunsun. İnanın ki, təkcə öz övladlarıma görə demirəm. Bəzən məşqçilər özlərini o səviyyəyə salır ki, uşaqlar onun üzünə qayıdır, cavab qaytarır. Belədə nə futbolçu düzələcək, nə də futbol. Uşaq futboluna yanaşma kökündən dəyişməlidi. Məşqçilər yanlış qərarlarla uşaqların önünü kəsir, inkişafın önünü kəsir. Mütəxəssislərə verilən maaş da azdı. Onlar da belədə bu işə özlərini tam həsr edə, seçimlərdə obyektiv ola bilmirlər. Sözün düzü, mən “Qarabağ”da rüşvət hallarıyla rastlaşmamışam. Amma bilirəm ki, bir çox yerlərdə valideynlər belə hallardan şikayətçidi. “Qarabağ”da çox böyük işlər görmək üçün şərait var. Məşqçilərin təminatı elə olmalıdı ki, onlar da işinə can yandırsın, yola verməsinlər. Məşqçilərə də ciddi nəzarət olunmalıdı. Məşqçi uşağa təkcə topla oynamağı yox, şəxsiyyət kimi yetişməyi öyrətməlidi. Uşaq var ki, hakim fit çalanda qorxur, cərimə zərbəsi vurmağı bacarmır. Bunlar xırdalıqlardı, amma toplananda böyük problemə çevrilir. 15-16 yaşında olan futbolçu bilmir ki, penalti vuruşu zamanı dirəkdən dönən topu özü qapıya vura bilməz. Yaxud da aut atır, komanda yoldaşına “ofsayddan çıx” deyir. Yararsız legionerlərin birinə verilən pulla uşaq məşqçilərinin maaşını yüksəltmək mümkündü. Beləcə iş də tələb edərsən. Hansısa valideyn məşqçiyə “qonaqlıq”, hədiyyə verir. Belədə məşqçi də avtomatik çalışır ki, onun uşağını daha çox oynatsın. İstər-istəməz özünü borclu sayır. Müəllimin gözü valideynin cibidə olmamalıdı, öz işinə peşəkar yanaşmalıdı. Bunun üçünsə normal əməkhaqqı şərtdi. Problemlərdən saatlarla danışmaq olar.

- Deməli, əsas problemləri məşqçilərdə görürsüz və bu problemin həlli üçün məvacib məsələsinə diqqət yetirməyi təklif edirsiz. Ümumiyyətlə, problemlərdən çıxmaq üçün başqa hansı təklifləri səsləndirə bilərsiz?

- Azərbaycanda cəmi səkkiz komanda elitada çıxış edir və onlar öz uşaq komandalarını akademiya adlanırır. Bir də pullu uşaq qrupları var, orda məşq etmək ödənişlidi. İnanın mənə, bəzi ödənişli komandalar həmin o klub akademiyalarından daha yaxşı vəziyyətdədi. Deməli, müəyyən maliyyə dövriyyəsi olan yerdə iş daha keyfiyyətli qurulur. Daha bir ciddi problem yararsız meydançalardı. Az əvvəl dediyim kimi, onları qaydaya salmaq şərtdi. O cür örtüklər uşaqların dizlərini şikəst edir. Uşaq komandalarında bürokratiya da çox güclüdü. Bir uşağı hansısa klubun akademiyasına yazdırmaq üçün böyük əziyyət çəkirsən. Uşağın əlindən tutub hansısa akademiyaya gedirsən, onu qəbul etmirlər. Deyirlər ki, bu uşaq təzə gəlib, bizə lazım deyil. Bəs sizin işiniz təzə uşağı götürüb onu öyrətməkdi də. Hazır uşağı tapıb, nəticə arxasınca qaçmaq sizə nə qazandıracaq? “Vətən” futbol məktəbi bu baxımdan başqalarından yaxşı mənada fərqlənir. “Sabah” klubu ordan faydalanır. Halbuki orda da yaxşı işlər görmək olar. Orda yaxşı məşqçilər var. Məşqlərin vaxtını artırmalıyıq ki, uşaqların da öyrənməyə çox imkanı olsun. Fikirlərim sizə rabitəsiz görünə bilər, amma bütün bu incəliklər birləşir və bizim uşaq futbolunu geri salır. Şərt deyil ki, uşaq futbolunda çalışanlar hamısı sabiq futbolçular olsun. Bu sahədə yaxşı əlaqələndiricilərə, idarəçilərə ehtiyac var. Uşaq futbolunda təsadüfi, bu sahəyə yad olan xeyli simaya rast gəlirsən. Məşqçilərin əxlaqsız sözlərdən, söyüşdən istifadəsinin qarşısı alınmalıdı. Görürsüz ki, nə qədər problemlə qarşılaşırıq. Niyə bu problemlərin həllində mənim kimi insanlar işləməsin? İddia etmirəm ki, özüm hər şeyi idarə edə bilərəm, amma ən azı əlaqələndirici köməkçisi kimi fayda verə bilərəm. Mən imkan vermərəm ki, məşqçilər uşaqlarımıza əxlaqsız sözlər desin, onların tərbiyyəsini pozsun. Məşqçilər Komitəsinin üzvləri, əlaqələndiricilər, klub rəhbərləri otursunlar uşaq liqalarının çəkilişlərinə baxsınlar. Problemləri özləri görəcəklər. Heç baxmırlar, ayın sonunu gözləyirlər ki, maaş kartına pul köçsün. Nəticə tələb edilməməli, hamıya oynamağa şərait yaradılmalıdı. Məşqçi varlı-kasıb uşaqlarını ayırmamalıdı. Valideynlərin də fikirlərini dinləmək vacibdi. Bəziləri qorxur ki, problemləri deyərlər, uşaqlarıma qarşı münasibət dəyişər. Halbuki, belədə əl-ələ verib, həmin problemləri aradan qaldırmaq mümkündü. Köhnə “Neftçibaza”da örtüyü dəyişmək bu qədərmi çətindi? Məşqçilər, PFL və AFFA rəsmiləri pul yığsa, həmin yararsız örtüyü dəyişmək olar. Uşaqlarımızın gələcəyinin xətrinə bunu etməliyik.

İLKİN SULTANLI

Arda ilə Turanın atası: “Bəzi uşaq məşqçiləri var ki, onlara “müəllim” deməyə utanıram”


Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Son xəbərlər

Beyli "Marsel" yolunda

"Vilyarreal"da ayrılıq

"Fiorentina"da yeni müqavilə

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

"İnter" PSJ-nin təklifini rədd etdi

"Brayton"da yeni müqavilə

MY Antoni transferində israrlıdı

Ndombelenin yeni klubu müəyyənləşdi

Autsayderlərin matçında iki qol - VİDEO

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

"Daha yaxşı nəticə əldə edə bilərdik" - Mahmud Qurbanov

"Kəpəz"in iki futbolçusu "Qəbələ" ilə görüşü buraxacaq

"Çelsi" Obameyanqa təklif göndərəcək

Şamaxıda bərabərlik - YENİLƏNİB

Yamayka millisinin forvardı "Qalatasaray"a keçə bilər

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Mayk Tayson əlil arabasında - FOTOLAR

"Pis dönəmlər keçirdim, ancaq vəziyyətdən çıxa bildim" - Suares

Daha 1 il "Bavariya"da qala bilər

İki idmançımız Avropa çempionatının finalında

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Ronaldo ten Haqın işindən narazıdı

"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

"Bu nəticə bizə revanş üçün əla şans verir" - "Viktoriya"nın futbolçusu

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Millimizin üzvü "Neftçi"də

Daha bir klub Ronaldonu istəmədi

Premyer-liqada 3-cü turun təyinatları açıqlandı

Patrik Andrade "Partizan"da ilk qolunu vurdu

PSJ Neymar və Mbappeyə xəbərdarlıq etdi

Bu divizion klubunun ev oyunlarına giriş pullu olacaq

AFFA Region Liqası klubları üçün tender elan etdi

Millimizin sabiq üzvü Almaniya klubunda

“Atletiko”nun mövsümöncəsi toplanışı cəhənnəm əzabıdı

Ronaldo artıq Ten Haqı da bezdirib

Mendinin qeyri-adi seks macəraları

İtaliyadan İngiltərəyə yollandı

Ramos Mbappe ilə Neymarı barışdırdı

Tribunalar doldu-daşdı, qələbə bizdən uzaq qaçdı - YAZI

“Tottenhem”dən daha bir transfer

MS gənc oyunçuya görə 13 milyon avro ödədi

Bütün xəbərlər