“Formula-1”in baş direktoru Stefano Domenikali bildirib ki, qurumun qarşısında son mövsümdəki gərgin mübarizənin ardından münasibətləri bir qədər soyuyan “Mersedes”lə “Red Bull”u barışdırmaq vəzifəsi durur:
“Çoxlu şübhələrimiz var, onlarla üz-üzə danışmalıyıq. Bəzi problemləri zamanla həll etmək lazım gələcək. “Mersedes”lə “Red Bull” arasındakı münasibətləri qaydasına salmalıyıq. Bütün mövsüm ərzində gördüyümüz, heç bir faydası olmayan şəxsi toqquşmalardan qaçmaq üçün bu addım zəruridi”.
Xatırladaq ki, son mövsümdə “Red Bull”un pilotu Maks Ferstappen “Mersedes” pilotu Lüis Hemiltonu qabaqlamaqla dünya çempionu olub, ancaq Mühəndislər kubokunu Almaniya komandası qazanıb.
Yeri gəlmişkən, “Red Bull”un rəhbəri Kristian Horner komanda ilə müqavilə müddətini uzadacaq. “Motorsport”un iddiasına görə, yeni müqavilə 2026 mövsümünün sonuna qədər nəzərdə tutulub. Bununla bağlı yaxınlarda rəsmi açıqlama veriləcək. Horner “Red Bull”a 2005-ci ildən – komandanın “Formula-1” çempionatındakı ilk mövsümündən rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 5 dəfə çempion olub, 4 dəfə Mühəndislər kubokunu qazanıb.