Xəbər verdiyimiz kimi, UEFA 2021/22 mövsümünün ikinci yarısı üçün beynəlxalq dərəcəli hakimlərin kateqoriyalarında dəyişiklik edib.
Əsas yerdəyişmə üçüncü kateqoriyanın ləğv edilərək, ikincinin genişləndirilməsidi. Bu səbəbdən iki FIFA referiləri Elçin Məsiyevlə Rauf Cabbarov ikinci kateqoriyaya keçib. Əliyar Ağayev isə yenə birinci kateqoriyada qalıb. Əvəzində elit hakimlər qrupuna 8 referi yüksəlib. Onların arasında Türkiyə Futbol Federasiyasından Xəlil Umut Melər və Hollandiyanı təmsil edən əslən türk Sərdar Gözübüyük də var.
Ötən sayımızda məsələ ilə bağlı AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlikə müraciət etmişdik O, dolayı yolla qərarı UEFA Hakimlər Komitəsinin qəbul etdiyini, bunun ölkəmizdə VAR sisteminin yoxluğu və ya başqa səbəb ilə bağlı olmadığını demişdi. Avstriyalı mütəxəssis qurumun fərdi göstəricilərə əsasən belə qərar verdiyini dilə gətirmişdi. Görəsən, Əliyar Ağayevin idarəçiliyi həqiqətən qənaətbəxş deyil? Ölkənin ən güclü hakimi hansı səbəbdən irəli gedə bilmir? Ona bu yöndə nə mane olur?
Tanınmış ingiltərəli siyasətçi Corc Herbertin dediyinə görə, bir ata yüz müəllimə əvəzdi. Oğlunun ən yaxşı və pis yönlərini də məhz atası bilir. Bu mülahizəni əsas götürüb, Əliyar Ağayevin valideyni ilə əlaqə saxladıq. Hazırda AFFA nümayəndəsi kimi faəliyyət göstərən Kərim Ağayevə müraciət etdik. Ondan oğlunun uzun illərdi irəliləyə bilməməsinin səbəbini soruşduq:
“Vallah, nə desəm, doğru olmayacaq. Əliyar başını aşağı salıb, işini görür. Məncə, azərbaycanlı olması ona problem yaradır. Qərarı verən avropalılardı. Onlar da bizə yuxarıdan aşağı baxırlar. Mən tək səbəb kimi bunu görürəm. Başqa adı yoxdu. Oyunlara təyinat alır. Bütün normativlərə uyğun gəlir, bütün sınaqlardan keçib. Niyə elit kateqoriyaya yüksəlmir? Mən də anlaya bilmirəm. Yenə deyirəm, azərbaycanlı olması ona problem yaradır, avropalılar özünü bizdən üstün sayır. Mən başqa səbəb görmürəm”.
Bir neçə il öncə Əliyar Ağayev tez-tez beynəlxalq oyunlara təyinat alırdı. 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının final görüşünü də idarə etmişdi. Amma indi təyinat aldığı oyunların çəkisi də yüksək deyil. Bəlkə yuxarıda qeyd etdiyimiz oyunların hansındasa səhvə yol verdiyi üçün UEFA onu cəzalandırıb? Sualımıza Kərim Ağayev belə cavab verdi:
“Belə bir şey yoxdu. Olsaydı, ictimaiyyət bilərdi. Ən azı oyunlara yenidən baxa bilərik. Onların hansındasa ciddi səhvə yol verməyib. Hamısını çox yaxşı idarə edib. Verdiyi qərarlar doğru olub. Səhvlik bir şey deyil. Bayaq dediyim kimi, onlar, sadəcə, bizə yuxarıdan aşağı baxırlar. Vəssalam! Düzdü, Əliyar hələ gəncdi, yolu açıqdı. Öz üzərində həmişə işləyir. Onun əsas məqsədlərindən biri hakimlikdə ən yüksək məqamlara gəlməkdi. Bu səbəbdən də həvəsdən düşmür. Təyinat aldığı oyunlarda əlindən gələni edir. Düşünürəm ki, yaxın vaxtlarda ona layiq olduğu dəyər veriləcək. Ən azı buna ümid edirəm”.
İLKİN SULTANLI