Dünya mətbuatında tez-tez dünyanın ən varlı futbolçusu kimi qələmə verilən Faiq Bolkiahdan xəbər var.
23 yaşlı futbolçu karyerasını Taylandda davam etdirəcək. Qeyd edək ki, Faiq Bolkiah 19 milyard dollarliq sərvəti olan Bruney sultanı Hassanal Bolkiahın qardaşı oğludu. Onun atası Cefri isə Bruney şahzadəsidi. Qarşısına peşəkar futbolçu olmaq hədəfi qoyan və ABŞ vətəndaşlığı da olan Faiqin öz sərvəti isə təxminən 12 milyon dollar civarındadı. O uzun illər İngiltərə klublarının akademiyalarında top qovub.
Bolkiah 2009-2020-ci illərdə ''Sauthempton'', ''Arsenal'', ''Çelsi'' və ''Lester''in akademiyasında futbolun sirlərini öyrənib. İngiltərədə heç cür özünü sübut edə bilmədiyi üçün ötən ilin sentyabrında Portuqaliyaya yollanaraq karyerasının ilk peşəkar müqaviləsini ''Maritimu'' ilə imzaladı. Amma burda da ümidləri doğrulda bilmədi. Cəmi 3 rəsmi oyunda ''Maritimu''nun ikinci komandasının formasını geyən futbolçu əsas komandada şans qazanmadı.
''Maritimu'' dekabrın ortalarında onun müqaviləsini ləğv etdi. Bir çoxları ona futboldan vaz keçməyi məsləhət görsə də, Faiq israrını davam etdirir. İndi də o, Taylanda yollanaraq ''Çonburi'' ilə müqavilə imzalayıb. Bu klubun yeni transferini dünyanın ən zəngin futbolçusu kimi təqdim etməsi diqqət çəkib. Bolkiah Bruney yığmasında isə 6 oyun keçirib və 1 qol vurub. Qeyd edək ki, 437 min əhalisi olan Bruney Qətərdən sonra dünyanın ən zəngin ikinci ölkəsi sayılır.