Zala daxil olan kimi masalara yaxınlaşıb tədbirdə iştirak edən bütün jurnalistlərlə görüşdü.
Onun üçün fərqi yoxdu, qarşısındakı cavan və ya illərini mediaya qurban verən qələm əhlidi. Hamıya eyni gözlə baxır. Bəlkə məhz bu sadəliyi, insanlığı onu hamının gözündə uca edir. Təbii ki, peşəkar fəaliyyəti də öz yerində. O artıq neçə illərdi ölkə futbolunu, bir qədər obrazlı desək, çiynində daşıyır, bizə yuxarıdan aşağı baxan avropalılra Azərbaycanın da qitə futbol ailəsinin bir üzvü olduğunu sübut edir. Yəqin ki, söhbətin kimdən getdiyini anladız. Bəli, bu şəxs “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdu.
Komanda.az saytı artıq 12-ci ildi “ilin məşqçisi” nominasiyasında sorğu keçirir. Və 11-ci dəfə bu ada Qurban Qurbanov layiq görülüb. 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2021-ci ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da, yuxarıda qeyd etdiyimiz kimi, 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib. Sorğuda iştirak edənlərdən 4-ü “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova, 3-ü “Neftçi”yə son mövsümdə Azərbaycan çempionluğunu qazandıran Samir Abasova, 2-si isə “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasova səs verib. “Keşlə” ilə son mövsümdə ölkə kubokunu qazanan Sənan Qurbanova səs verən olmayıb. “Qarabağ” son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionatında 2-ci yeri tutaraq, Konfrans Liqasında iştirak etmək hüququ qazanmışdı. Ağdamlılar qrup mərhələsini uğurla başa vuraraq, ölkə futbolu taixində ilk dəfə pley-offa vəsiqə qazanıb.
Srağagün “Fairmont Baku” otelində 2021-ci ilin əın yaxşı məşqçisinin təltifolunma tədbirinə ölkənin tanınmış idman jurnalistləri toplaşmışdı. Gecənin aparcısı Sənan Şəfizadə tədbir iştirakçılarını salamladıqdan sonra qonaqlara “Qarabağ”ın 2021-ci ildə keçirdiyi oyunlarından hazırlanmış videoçarx təqdim olundu. Ondan sonra isə söz tədbirin qəhrəmanına verildi. Tribunaya qalxan Qurbanov əvvəlcə hamını salamladı, ardınca isə bunları söylədi:
“Qarşınızda olmaq çox xoşdu. İnanın ki, videoklipə baxanda həyəcanlandım. Yenidən həmin oyunlarda keçirdiyim hisslərə qayıtdım. Dəfələrlə demişəm ki, hər belə uğurdan sonra ad verildikdə məsuliyyətim daha da çoxalır. Bir tərəfdən işimə fayda verir, digər tərəfdən sevinirəm ki, hər kiçik əziyyətə böyük dəyər verilir. Hamınıza təşəkkür edirəm. Son vaxtlar mənim, komandam haqda çox danışıldı. Qısa fikirlər bildirmək istəyirəm. İşinizdə müvəffəqiyyətlər arzulayıram. Sizin qarşısında olmaq, suallarınıza cavab vermək xoşdu. Həmişə suallarınızı gözləyirəm. Dəyər verdiyinizə görə təşəkkürlər”.
Bundan sonra “komanda.az” saytının baş redaktoru Rəşad Ergün Qurban bəyə mükafat təqdim etdi və ilin məşqçisi ilə xatirə fotosu çəkildi. Qurban bəy mükafatına qovuşandan sonra ortaya üzərində “Qarabağ”ın loqosu həkk olunan böyük tort gətirildi. Və həmin vaxt klubun mətbuat katibi Gündüz Abbaszadə Sənan bəyə ötən il Vətən müharibəsində iştirak edən həmkarlarımız – Mahal Məmmədov və Süleyman Vəliyevi səhnəyə dəvət etməyi təklif etdi. Məmmədov, Vəliyev və bu gün ağdamlıların mətbuat xidmətində çalışan daha bir qazi həmkarımız Mehman Əşrəfov Qurban bəylə birgə tortu kəsdilər.
Kiçik fasilədən sonra tədbirin daha bir maraqlı hissəsinə start verildi. Gündüz bəy viktorina keçiriləcəyini, sualları düzgün cavablandıran 5 jurnalistə klub tərəfindən xüsusi hədiyyə veriləcəyini bildirdi. Onu da əlvə etdi ki, Mahal Məmmədovla Süleyman Vəliyevə müsabiqədən kənar hədiyyə təqdim olunacaq. Çox maralı ab-havada keçən viktorinada əsasən “Qarabağ”la bağlı suallar verildi. “Nə, harda, nə zaman” verilişini xatırladan müsabiqənin sonunda qaliblərə hədiyyələr təqdim olundu. Gecənin maraqlı alınmasında Abbaszadənin xüsusi rolunun olduğunu da qeyd etməyə dəyər. Hiss olunurdu ki, Gündüz bəy vaxtilə belə intellektual oyunların fəal iştirakçısı olub.
Tədbirdən sonra 2021-ci ilin ən yaxşı məşqçisi qələm əhlinin suallarını cavabladı.
- Hər birinizə bir daha təşəkkür edirəm. Belə nominasiyalar olduqca, daha da məsuliyyətli oluram. Bu il bəlkə də son müsahibəmdi. Qarşıdakı günlərdə çalışacağıq ki, gələn il üçün tam proqramımızı tutaq. Növbəti il daha yaxşı uğurlar əldə etmək üçün ən yaxşısını etməyə çalışacağıq.
- Şahruddin Məhəmmədəliyev əməliyyat olunub və “Marsel”lə matçlarda iştirak etməyəcəyi məlumdu. Yeni qapıçı ilə razılaşmısız?- Xeyr. Hələ axtarışdayıq. Belə tez qərar vermək bizim üçün çətindi. Amma işimizi maksimum sürətləndiririk. Çalışırıq ki, yaxın günlərdə nəticə əldə edək.
- Rüstəm Əhmədzadənin transferi sırf sizin təşəbbüsünüz idi? Onu daha əvvəl izləyirdiz?- Bəli, belə bir şey var idi. Milliyə cəlb olunandan sonra diqqətimi cəlb etmişdi. Yığmadakı oyunlarını izləyirdim. Böyük potensialı olduğunu gördüm və komandamıza dəvət etdim.
- Qışdan sonra premyer-liqada VAR sistemi tətbiq olunacaq. Sizcə, bundan sonra hakimlərdən narazılıq azalacaq?- Açığı, bilmirəm. Hər halda, bir faydası dəyəcək. Amma ola bilər ki, bəzi problemlər yenə olsun. Bunu gələcəkdə tam görəcəyik.
- “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov ömürlük futboldan uzaqlaşdırılıb. Bu məsələyə münasibətiniz necədi?- Bu barədə fikirlərimi qısa bildirmişdim. Belə hallar heç birimiz üçün xoş deyil. İstənilən halda biz yaxşı düşünək. Çox istərdim ki, tezliklə bu məsələ bitsin və Nurlan İbrahimov sıralarımıza qayıtsın. Hər birimizin tanıdığı və hörmət etdiyi şəxslərdəndi.
- Nurlan İbrahimov bildirib ki, “Qarabağ”da Qurban Qurbanov və Asif Əsgərovdan başqa heç kim mənə dəstək olmur. Sizin fikriniz necədi? Klub dəstək olsa, hansısa köməyi dəyə bilər?- Mən bu barədə oxumamışam. Klub olaraq Nurlanla münasibətimiz heç də pis deyil. Hamı onunla əlaqədə olur. Söhbətin tam nədən getdiyini bilmirəm. Məncə, klub heç nəyə “yox” deməz. Nurlan İbrahimova hansısa kömək lazım olsa, klub olaraq həmişə arxasında olacağıq.
RƏŞAD, "Futbol+" qəzeti üçün