Avropa Liqasında qrupu lider bitirib 1/8 finala vəsiqə qazanmasına baxmayaraq ''Qalatasaray'' Türkiyə çempionatında kabus kimi bir mövsüm keçirməkdə davam edir.
Dünən ''Cim-Bom'' 18-ci tur çərçivəsində Fatih Terimin doğma məmləkəti Adanada ''Adana Dəmirspor''a 0:2 hesabı ilə məğlub oldu. Komandanın qələbə həsrəti 7 oyuna yüksəldi. ''Qalatasaray'' son qələbəsini oktyabrın 31-də ''Qaziantep''lə ev oyununda əldə edib. İstanbul nəhəngi Terimin cezalı olduğu ardıcıl 5-ci oyunda da qalib gələ bilmədi. Xatırladaq ki, ''İmperator'' ''Fənərbaxça'' ilə qalmaqallı derbidən sonra 6 oyunluq cəza almışdı.
Yəni cəzanın bitməyinə 1 oyun qalıb. Ümumilikdə ''sarı-qırmızılar''ın Terimsiz keçirdiyi 36-cı superliqa matçında 22-ci dəfə qələbəyə həsrət qaldı (14 heç-heçə, 8 məğlubiyyət). Yəni komanda bu 36 qarşılaşmada mümkün olan xaldan təxminən 2 dəfə az (108-dən 56) toplayıb. ''Qalatasaray'' Terimin köməkçiləri Necati Atəş və Selcuk İnanın başçılığı altında meydana çıxdığı 5 matçın heç birində qalib gələ bilmədi (3 heç-heçə, 2 məğlubiyyət). Onu da bildirək ki, 18 tura 24 xal toplayan ''Qalatasaray'' 3 xallıq sistemdə, yəni 1987/88-dən bu yana ən zəif mövsümünü keçirir. Əvvəlki antirekord 2010/11-də qeydə alınmışdı. Həmin mövsümü 8-ci pillədə başa vuran ''Aslan'' 18 tura 26 xal toplamışdı.