Qəzetimizin ötən cümə axşamı sayında ABŞ-da futbolun populyarlıqda hokkeyi geridə qoyduğu haqda xəbər yer almışdı.
MHL-in beynəlxalq marketinq departamentinin sabiq rəhbəri Bredli Kvonq bu mövzu ilə bağlı kiçik müsahibə verib.
- “Daily Mail” nəşri bir neçə gün əvvəl ABŞ-da Avropa futbolunun hokkeydən daha populyar olduğu haqda yazı dərc edib. Belə statistika sizi təəccübləndirir?
- Uşaq idmanından başlasaq, futbol oynamaq daha asan və ucuzdu. ABŞ-da get-gedə daha çox uşaq futbol oynayır, İngiltərə premyer-liqasının reytinqi artır. Hokkey yetərincə kasıb idman növü sayılır, ancaq MHL-in bu istiqamətdə necə böyük həcmdə iş gördüyünə baxın – ümumiyyətlə, əvvəllər hokkeyin olmadığı Texas, Nevada, Kaliforniya kimi ştatlarda klublar var. 50 il əvvəl heç bunu arzulamaq da olmazdı.
- Bu tədqiqat hansı nəticələrə əsaslanır?
- Sorğuya və telereytinqə.
- MHL-in fanat bazası nədən sürətlə qocalır?
- Deyərdim ki, bu daha çox Kanadanın problemidi. Ölkənin nəhəng şəhərlərindən Torontoda ildən-ilə mühacirlərin sayı artır, ancaq bunlar hokkeyə maraq göstərmir. Bu üzdən MHL-in auditoriyası qocalır. Ancaq düşünmürəm ki, ABŞ üçün bu problem aktualdı. Mənim baxışıma görə əsas problem odu ki, uşaqlara hokkeylə məşğul olmaq baha başa gəlir. Geyim dəsti, buza görə ödəniş, turnirlərdə iştirak. Üstəlik Amerikada fərdi şəkildə məşq etmək çox populyarlaşıb ki, bu da çox bahadı.