Marselo yaxın gələcəkdə “Real”dan ayrılmaq qərarına gəlib.
İspaniya mediasının yaydığı xəbərə görə, təcrübəli futbolçu Madrid klubu ilə müqaviləsini yeniləməyəcək.
33 yaşlı müdafiəçi rəhbərliyə iş yerini dəyişmək niyyətində olduğunu bildirib. O, cari mövsümdə oyun praktikasının azlığından narazıdı. Qeyd edək ki, Marselo bu mövsüm “Real”ın heyətində müxtəlif turnirlərdə yalnız 5 oyunda meydana çıxmaq şansı qazanıb və hər hansı məhsuldar fəaliyyətlə yadda qalmayıb.
Yerli mənbələrdə “Real”ın da artıq onun xidmətində maraqlı olmadığı qeyd edilir. Əksər mənbələr Marselonun yetirməsi olduğu “Fluminense”yə qayıtmağı planlaşdırdığını iddia edir. “Ole” nəşrində onun istəyini “Real”la müqaviləsinin müddətinin sona çatacağı gələn yay reallaşdırmaqda qərarlı olduğu vurğulanır. Bu mənbə Marselonun vətənində karyerasını başa vurandan sonra İspaniya klubunun rəhbərliyində təmsil olunmaq istədiyini də qeyd edir. Xatırladaq ki, “Fluminense”də 2005-06-cı illərdə oynayan Marselo “Real”da 2007-ci ilin yanvarından çıxış edir.