“Lion” rəhbərliyi azarkeşlərə qadağa tətbiq edib.
Fransa kubokunun cümə günü keçirilən “Paris” – “Lion” matçının yarımçıq dayandırıldığını xəbər vermişdik. Buna fasilə zamanı azarkeşlər arasında qarşıdurma yaranması səbəb olmuşdu. “Lion”un fanatları rəqib həmkarlarına hücum etmiş, tribunalarda fişəng və tüstü qumbarası yandırmış, bundan sonra həm yerli, həm də qonaq azarkeşlər meydana axışmışdılar. Nəticədə ilk hissəsi 1:1 hesabı ilə sona çatan matçın bərpa olunmamasına qərar verilmişdi.
“Lion” rəhbərliyi bu insidentə görə komandanın azarkeşlərinə münasibətdə sərt qərar çıxarıb. Paytaxtda baş verən qarşıdurmaya səbəbkar olanların şəxsiyyəti müəyyən edilməyincə fanatların səfər oyunlarına yollanması qadağan olunub. Yeri gəlmişkən, Paris şəhər prokurorluğu hadisə ilə bağlı təhqiqata başlayıb. Saxlanılan şəxslər haqqında hələ ki məlumat verilmir.