Ardıcıl 3 məğlubiyyətlə 6-cı pillədən 11-ci pilləyə geriləyən və bir neçə gün öncə Françesko Farioli ilə yollarını ayıran ''Fatih Karagümrük''də yeni baş məşqçinin adına aydınlıq gəlib.
İstanbul təmsilçisi əvvəlcə Şota Arveladzeyə təklif göndərsə də, bu təyinat baş tutmayıb. Çünki Şota Acun Ilıcalının satın aldığı çempionşip təmsilçisi ''Hall Siti''nin başına keçəcək. Bu üzdən ''Fatih Karagümrük''ün prezidenti Süleyman Hurma üstünlüyü Volkan Dəmirələ verib. 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Bu, Volkanın baş məşqçi kimi ilk təcrübəsi olacaq. Volkanın PRO lisenziyası olmadığından o hələ ki komandanı kənardan idarə və mətbuat konfranslarında iştirak edə bilməyəcək. Bu üzdən onun köməkçiləri arasında PRO lisenziyalı bir məşqçinin olacağı gözlənilir. Xatırladaq ki, ''Fənərbaxça''nın əfsanəvi qapıçılarından sayılan Dəmirəl 2019-cu ildə karyerasını başa vurandan sonra klubda köməkçi məşqçi kimi işləməyə başlamışdı. Ötən mövsüm o, ''Fənər''də əvvəlcə Erol Bulutun, sonra da Əmrə Belözoğlunun köməkçisi olmuşdu. Amma bu yay Vitor Pereyranın baş məşqçi postuna gəlməsindən sonra Dəmirəl ''sarı-lacivərdlilər''dən ayrılmaq qərarına gəlmişdi. Onun Pereyra ilə münasibətləri hələ 2015/16 mövsümündə pozulmuşdu. Son aylarda Dəmirəl ''Bein Sports'' kanalında futbol şərhçisi kimi çalışırdı. Gənc mütəxəssis dünən yeni klubunda ilk məşqinə çıxıb. Dəmirəlin məşqçi karyerasındakı ilk oyunu bazar günü səfərdə ''Göztəpə''yə qarşı olacaq.