Deyəsən, Yusuf Dəmirin ''Barselona'' karyerası erkən başa çatmalı olacaq.
Kataloniya nəhəngi bu yay onu 500 min avro qarşılığında Vyana ''Rapid''indən birillik icarəyə götürmüşdü. Əslində ''Barsa'' onu B komandası üçün transfer etmişdi. Amma hazırlıq matçlarında özünü yaxşı tərəfdən göstərdikdən sonra o dönəmdəki baş məşqçi Ronald Kuman gənc futbolçunu əsas komandaya cəlb etmişdi. Türkəsilli avstriyalı forvardın müqaviləsində 10 rəsmi oyuna çıxacağı təqdirdə ''Barsa''nın onu 10 milyon avro ödəyərək daimi əsasda transfer etməli olduğuna dair maddə var. İspaniya mətbuatının yazdığına inansaq, ''Barsa'' bu maddədən yararlanmaq istəmir. Yusuf indiyə qədər Kataloniya nəhəngində 9 rəsmi oyuna çıxıb.
Onun aktivində qol və ya məhsuldar ötürmə yoxdu. Xavi Ernandesin gəlişi ilə heyətdə müəyyən dəyişikliklər etməyi planlaşdıran ''Barsa'' Dani Alveşdən başqa daha 2 oyunçu almaq niyyətindədi. Klubdan ayrılacaq futbolçuların başında isə Yusuf Dəmir gəlir. Növbəti oyunu 10-cu rəsmi matçı olacağı üçün böyük ehtimalla onu bir daha ''Barsa''nın formasında görməyəcəyik. Solaxay futbolçu ilə Dortmund ''Borussiya''sı, ''Bayer-04'' və ''Ayntraxt'' yaxından maraqlanır. Çox güman o, bundesliqa klublarından birinə yollanacaq.
Xatırladaq ki, ÇL-də ''Benfika''ya qarşı ev oyununda Yusuf start heyətində meydana çıxmaqla adını klubun tarixinə yazdırmışdı. O, ''Barsa''da Lionel Messinin ardından ÇL matçında start heyətində meydana çıxan ən gənc ikinci əcnəbi futbolçu olmuşdu.