Bu mövsüm heyətdə tez-tez rotasiya edən və bəzi oyunçuları bəzi dönəmlərdə ehtiyatda saxlamağa üstünlük verən Fatih Terimin belə desək, son qurbanı Olimpiu Morutsandı.
Bu yay həmyerlisi Aleksandru Çikıldau ilə birlikdə ''Qalatasaray''a transfer olunan rumıniyalı Morutsan ən son ''Fənərbaxça'' ilə derbidə start heyətində meydana çıxıb. 22 yaşlı futbolçu sonrakı 5 rəsmi matçın 3-də sonradan meydana çıxıbsa, 2-də ümumiyyətlə bütün oyunu ehtiyatda keçirib. ''Sivasspor''a qarşı son səfər oyununda onun meydana çıxmaması həm fanatlar arasında, həm də vətəni Rumıniyada müzakirələrə səbəb olub. Mövsümün əvvəlində həm Morutsanın, həm də Çikıldaunun ''Qalatasaray''a gəlməsində böyük rol oynayan rumıniyalı menecer Viktor Bekali yerli mətbuata bu məsələ ilə bağlı açıqlamalar verib:
''Morutsanın son zamanlar tez-tez ehtiyatda qalması mənim də diqqətimi cəlb edib. Açığı, Fatih Terimin onu nə üçün oynatmadığını bilmirəm. Yeganə bildiyim şey Terimin onu çox sevməsi və güvənməsidi. Qalan şeylər isə texniki məsələlərdi. Gənc oyunçular üçün öz doğma ölkəsindən başqa ölkəyə yollanmaq müəyyən problemlər yaradır. Morutsan türk dilində zatən heç nə anlamır. İngilis dili səviyyəsi də yüksək deyil. Dil məsələsi futbolçunun adaptasiyasında heç də az rol oynamır. Məsələn, Çikıldau ingiliscə yaxşı danışır. Ona görə də ''Qalatasaray''a Morutsanla müqayisədə daha tez uyğunlaşa bilib. ''Qalatasaray'' fanatları da Morutsanın oynamamasını böyük təəccüblə qarşılayır. Olimpiu rəqib müdafiəsinə hər an təhlükə yaşada biləcək futbolçudu. Bu üzdən azarkeşlər onu meydanda görmək istəyir. Amma digər tərəfdən biz Terimdən xaiş edə bilmərik ki, Morutsanı hər matçda start heyətində meydana buraxsın. Terim güclü xarakterə malik böyük məşqçidi''.
Yeri gəlmişkən, Sivasda uduzmaqla superliqadakı qələbəsiz seriyası 5 oyuna yüksələn və turnir cədvəlində 9-cu pilləyə geriləyən ''Qalatasaray'' Fatih Terimin başçılığı altında ən zəif mövsümünü keçirir! Komanda 16 tura cəmi 23 xal toplayıb və 20 qol buraxıb. Hər iki göstərici Fatih Terimin dönəmi üçün antirekorddu. Ümumiyyətlə, Türkiyə çempionatı 3 xallıq sistemlə keçirildiyi 1987/88-dən bu yana ''Cim-Bom'' ilk 16 tura yalnız bir dəfə - 2010/11 mövsümündə indikindən daha az (20) xal toplayıb