Azərbaycan premyer-liqasının 14-cü turunda “Qarabağ” “Zirə”ni 2:0 hesabı ilə məğlub edib.
Oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda fikirlərini səsləndirdi:
“Vacib qələbə qazandıq. Bir az narahatlıq var idi. Son oyun idi. Hamının fikrində nə vaxt evə getmək var idi. Bəlkə də, bəzi epizodlarda hiss olundu. Amma sona qədər rəqib çətin oyuna məcbur elədi. Futbolçularım möhtəşəm mövsüm keçirdilər. Çox əziyyət çəkdilər, çətinliklərdən keçdilər. Amma özlərini peşəkar, kişi, əsl idmançı kimi apardılar. Ümumi nəticələrimiz də pis olmadı. Rəşad Sadıqovun komandasının da çox yaxşı oyun üslubu var".
- 2022-ci ildə "Qarabağ"a hansı uğurları arzulayırsız?- Hər qarşıdakı ildə, mövsümdə həmişə komandama sağlamlıq arzulayıram. İnsan sağlam olanda istəyi və həvəsi də çox olur. Bütün xalqımıza da hər il daha sağlam, gümrah, xoşbəxt həyat arzulayıram. Uğur olaraq, həmişə minimum olduğumuz yerdə qalmağı, stabil olmağı arzulamışam. Hansısa səviyyəyə çatmışıqsa, orada qalmağı arzulamışıq.
- Aprelin 14-də Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunu var. Özünüzə hədiyyə etmək istəmirsiz?- Uşaqlar etsinlər. Qarşıda "Marsel"lə oyunumuz var. Həmin görüşdə yaxşı nəticə hamımız üçün böyük hədiyyə olar. Ona kimi hələ vaxt var.
- İndidən "Marsel"i rəhlil etməyə başlamısız?- Tam yox. Amma qarşıdakı günlərdə təhlil edəcəyik.
- Qarabağ adı sanki Avropada qəbuledilməz faktora çevrilib. UEFA-ya qarşı hansısa ciddi bildiriş, xahiş, tələb ola bilərmi?- Məncə, buna ehtiyac yoxdu. Ən başlıcası odu ki, biz bilirik ki, Qarabağ Azərbaycandı. Bəli, emosiyalar daha da çoxalır. Səhvlərdən sonra istər-istəməz belə fikrə gəlirsən. Amma rəhbərliyimiz görüşə getmişdi, narazılıq bildirmişdi. Ancaq idmanda səhvlər, ədalətsizliklər olur. Bəlkə də, bizim pərdəarxası görmədiyimiz anlar olur. Ardıcıl 8 il qrupda oynadıq, bu il qrupdan da çıxdıq. Bəlkə də, hər hansı formada müraciət olacaq. Amma özüm və futbolçularım öz üzərimizdə daha da çox işləməliyik. Belə epizodlar bizi daha da böyüdü. Rəhbərliyimiz var, lazım olsa klub səviyyəsində hansısa müraciət ola bilər. Kiprdəki görüşdə təxribat olmuşdu. Bunun qarşısının alınması üçün müraciət də olmuşdu.
- Komandanın formada olduğu bir vaxtda qış fasiləsi komandaya çətinlik yaratmayacaq?- Bu amil mütləq nəzərə alınacaq. İlə Azərbaycan kubokundan başlayacağıq. Yenə sıx qrafikə girəcəyik. Əvvəlki illərdən bir az fərqli olacaq. Ancaq indi futbolçuların istirahətə daha çox ehtiyacları var. Bu gün də bəzi oyunçuların yorulduğunu görürdük. Komandanı ritmə gətirmək üçün vaxtımız olacaq.
- "Marsel"lə oyuna qədər son transfer Rüstəm Əhmədzadə olacaq, yoxsa yeni futbolçular gətirməyi düşünürsüz?- Düşünürük, amma bunun nə dərəcədə alınacağını bilmirik. Yaydan bəri danışıqlar apardığımız oyunçular var.
- Hansı mövqelərə oyunçu gətirmək istədiyinizi bilmək olar?- Orta xətt, hücumameyilli, o birini isə deməyəcəyəm.
- Musa Qurbanlı bu mövsüm 6 qol vurub və hazırda klubda 4 hücumçu var. Onun daha çox oynaması üçün harasa göndərmək fikriz var?- Məncə, az oynamadı. Özünü pis tərəfdən göstərmir. Qarşıda hamının şansı olacaq, çünki sıx qrafikə giririk. Heç bir oyunçu oyun sayı baxımından şikayətlənməyəcək. Biz oyunçularımızın sayının çox olmasını istəyirik. Məşq prosesinin yüksək səviyyədə keçməsini istəyirik. Eyni səviyyəli oyunçuların bir yerdə olması rəqabət yaradır və bu da inkişafa təkan verir.