Azərbaycan Atıcılıq Federasiyasının (AAF) Hesabat-Seçki Konfransı keçirilib.
“Football-plus.az” saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb və nazir Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. AAF-ın baş katibi Emin Cəfərovun qurumun son illərdəki fəaliyyəti haqda hesabatından sonra seçki baş tutub.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov federasiyanın yeni prezidenti seçilib. İsmət Əliyevlə Zemfira Meftahəddinova vitse-prezident, Ruslan Lunyov, Aynur Cəfərova, Əli Hüseynli və Rəsul Məmmədov isə İdarə Heyətinə üzv seçilib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin çıxışından sonra Vilayət Eyvazov etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəsisslərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını söyləyib.
Qeyd edək ki, AAF-ın əvvəlki prezidenti Vaqif Axundov idi.