Parlaq, təzadlı, tarixi “Formula-1” mövsümü bazar günü başa çatdı.
Maks Ferstappen son saniyələrdə önə çıxmaqla Lüis Hemiltonun çoxillik hegemonluğuna son qoydu. “Red Bull” düşərgəsi sevinc içindədisə, “Mersedes”də aqoniya hökm sürür. Çempionluq yarışı ilə bağlı etirazların, hətta bəlkə məhkəmələlərin olması mümkündü. İş ondadı ki, “Mersedes” nəticələrlə bağlı Beynəlxalq Avtomobil Federasiyasına (FIA) etiraz edəcək. Almaniya komandasının apellyasiya vermək üçün 96 saatı, yəni cümə axşamına qədər vaxtı var. Məhz həmin gün keçiriləcək qala-gecədə dünya çempionu mükafatlandırılacaq. “Mersedes”i narazı salan iki məqam var. Bu komandanın rəhbərləri belə düşünür ki, Ferstappen son dövrədə ötmə əməliyyatını düzgün aparmayıb, eləcə də təhlükəsizlik maşının ardından mübarizə canlanarkən qayda pozulub.
Yarışda yaşananlara gəlincə, Ferstappen Hemiltondan geriliyi aradan qaldırmaq üçün əlindən gələni etsə də, çempionluğu möcüzə kimi görünürdü. Finişə 5 dövrə qalmış maraqlı vəziyyət yarandı. Latifi qəzaya düşdüyündən trassda təhlükəsizlik maşını göründü.
“Mersedes” Hemiltonu trassda saxlamağa qərar verdi, Ferstappen yeni təkər dalınca boksa yaxınlaşdı. Təhlükəsizlik maşını sona bir dövrə qalmış trassı tərk etdi və azarkeşlər iki dahi pilot arasında amansız mübarizə izlədi. Təkər üzündən üstünlük qazanan Ferstappen böyük çətinliklə Hemiltonu arxada qoydu. Maks buna imkan vermədi və karyerasında ilk dünya çempionluğunu qazandı, “Red Bull” 2013-dən bəri ilk titula sevindi. Hemilton uzun müddət şokdan özünə gələ bilmədi. Sayns 3-cü oldu, Sunoda və Qasli “5-liy”i qapadı. Raykkonen karyerasının son yarışında finişə çata bilmədi. Heç şübhəsiz, “Formula-1” dünyası fin pilot üçün darıxacaq.
“Mersedes” ardıcıl 8-ci dəfə Mühəndislər kubokunu qazandı. “Red Bull” 2-ci, “Ferrari” 3-cü oldu.