Premyer-liqanın 13-cü həftəsində “Keşlə” “Səbail”lə qarşılaşıb.
Komandalar meydandan 1 xalla ayrılıb – 2:2. Görüşdə diqqətimizi çəkən maraqlı məqamlardan biri isə ev sahibinin azarkeş qrupu “Old Wolf”un açdığı pankart oldu. Bununla bağlı fanklubun rəhbəri Elnur Yusifovdan açıqlama almışdıq. Açıqlamada “dənizçilər”in “49” fanqrupuna ünvanlanan nüans diqqətimizi çəkmişdi:
“Başa düşsünlər ki, biz təlxəklər fanklubuna qoşulmuruq. Özümüzün də, komandamızın da adı-sanı və tarixi var”.
Buna “49”-dan cavab gözləyirdik. Amma hər qarşılaşmada kreativ addımları ilə gündəmə düşən fanqrup nədənsə bu dəfə susmağı üstün tutdu. Bununla belə, “49”-un əsas üzvlərindən Elsevər Muradzadədən bir neçə kəlmə qopara bildik:
“Azarkeş qrupunun açdığı pankartı bəyəndik. Qəşəng iş görüblər. Bizi bu qədər yaxından izləmələri xoşumuza gəldi”.
GÜNAY VƏLİYEVA