Dünən İngiltərə premyer-liqasında 17-ci tura start verildi.
Son çempion ''Mançester Siti'' öz meydanında ''Lids''i 7:0 hesabı ilə darmadağın edərək bu rəqibdən ötən mövsümkü məğlubiyyətin qisasını artıqlaması ilə alıb. 2020/21-də ''Siti'' öz meydanında gözlənilmədən ''Lids''ə 1:2 hesabı ilə yenilmişdi. Dünənki qarşılaşmada hesabı 8-ci dəqiqədə Fil Foden açıb. Bu, ''Mançester Siti''nin Xosep Qvardiolanın başçılığı altında premyer-liqada vurduğu 500-cü qol kimi tarixə düşüb! Komandanın bu məşqçi ilə 500 qol həddinə 207-ci oyunda çatdığını nəzərə alsaq, bu, turnirin yeni rekordudu. Əvvəlki rekord Yürgen Kloppun ''Liverpul''una məxsus idi. Mersisaydlılar almaniyalı mütəxəssisin başçılığı altında İngiltərə çempionatında 500 qol həddinə 234-cü oyunda çatmışdılar.