Azərbaycanda 2021-ci ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib. “Komanda.az” saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.
“Football-plus.az” saytının məlumatına görə, 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyub. O, 58 səs toplayıb. 49 yaşlı mütəxəssis 11-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib.
Qeyd edək ki, sorğuda iştirak edənlərdən 4-ü Rəşad Sadıqova (Zirə), 3-ü “Neftçi”yə ötən mövsüm Azərbaycan çempionluğunu qazandıran Samir Abasova, 2-si isə Ayxan Abbasova (Sumqayıt) səs verib. “Keşlə” ilə ölkə kubokunu qazanan Sənan Qurbanova səs verən olmayıb.