Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"dan ayrılmaq istəyir.
Bu məlumatı Polşanın "Sportfakty" saytı yayıb. 24 yaşlı hücumçu ekstraklasanın 18-ci turunda “Visla”ya (Plotsk) 0:1 hesablı uduzduqları oyunundan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmaq qərarına gəlib. Forvard müqaviləni ləğv etmə variantının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə əlaqə də saxlayıb. O, tibbi müayinədən keçmək üçün xəstəxanaya da yollanıb. Emrelinin növbəti tur "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir. Maraq üçün nəzərinizə çatdırım ki, fanatlar "Visla" ilə görüşdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.
Məsələ ilə bağlı Mahirin özü, meneceri və anası ilə əlaqə saxlamaq istədim. Lakin cəhdlərim boşa getdi. Əslində isə xəbərin doğru olub-olmadığını dəqiqləşdirməyə gərək yoxdu. İstənilən halda Mahir Emreli “Legiya”nı tərk etməlidi. Bunun üçün 3 səbəbim var. Onları aşağıda izah etməyə çalışacam.
1. Komandanın hazırkı durumu
“Legiya” Polşa çempionatında 18-ci pillədə qərarlaşıb. Komandanın çempion olması, demək olar ki, qeyri-mümkündü. Düzdü, Varşava təmsilçisi böyük ehtimalla ekstraklasanı tərk etməyəcək. Hadisələri qabaqlamaq istəmirəm, amma hazırkı heyətlə bu komanda çempionatda 6-cı pillədən yuxarıda qərarlaşa bilməyəcək. Avropa Liqasında da mübarizəni dayandıran “Legiya” ən yaxşı halda ölkə kubokunun qalibi ola bilər. Bunun sayəsində də klub gələn mövsüm Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu da böyük hədəfləri olan Mahir Emreli üçün yetərli deyil. O, daha yaxşı liqada və daim avrokuboklarda mübarizə aparmaq niyyətindədi.
2. Təkliflərin olması
Hamıya bəllidi ki, Polşa mətbuatı artıq bir neçə dəfə Mahir Emreli ilə Avropa klublarının maraqlandığını yazıb. Onların sırasında “Kopenhagen”, “Slaviya”, "Herta", "Hoffenmhaym", "Borussiya" (Münhenqladbax), "Fiorentina", "Lill" kimi müştərilər yer alıb. Çexiya təmsilçisinin hücumçumuzun keçidi üçün danışıqlara başladığı da bildirilib. Belə olan halda Mahir Emreli xoşbəxt olmadığı yerdən getmək haqda düşünə bilər.
3. Yeni menecerlə müqavilənin imzalanması
Mahir Emrelinin meneceri Tural Əsgərov idi. Futbolçu “Legiya”ya keçəndən sonra agentlə yolları ayırdı. Onun anası elə bizim qəzetə açıqlamasında hələlik yeni menecerə ehtiyac olmadığını bildirmişdi. Lakin Mahir Emreli təzəlikcə Endo Osmani adlı türk menecerlə əməkdaşlığa başlayıb. Bu da boşuna olmayıb. Görünür, Emreli artıq əvvəlcədən vəziyyətin qəlizləşəcəyini düşünüb, işlərini FIFA menecerinə tapşırıb. Nəzərinizə çatdırım ki, Endo Osmani daha çox Türkiyə superliqasına Avropadan ortabab futbolçuları gətirməklə məşğuldu. Mahir Emreli də həmin liqaya keçsə, təəccüblənməyə dəyməz.
Burdan belə qənaətə gəlmək olar ki, Mahir azarkeşlərin basqısını, futbolçuların uyumsuzluğunu, komandanın bərbad durumda olmamasını nəzərə alıb, başqa ölkəyə yollanmaq istəyir. Əslində mənim fikrimcə, hazırda “Legiya”nın ən yaxşı oyunçusu elə bizim Mahirdi. Hücumçu bu komandada oynayanlardan bir baş üstündü. Bəli, Polşa çempionatı Azərbaycan premyer-liqasından 2-3 dəfə keyfiyyətlidi. Amma bu, o demək deyil ki, Mahir buna görə nələrəsə göz yummalıdı. Avrokuboklarda çıxış etməyəcək klubda oynamaqdansa, elə Endo Osmaninin təşəbbüsü ilə “Adanaspor”a, “Hatayspor”a, “Konyaspor”a getmək daha yaxşıdı. Qədrini bilmirlərsə, təklifin varsa, qalma o cəhənnəmdə! Çıx get, Mahir!
İLKİN SULTANLI