Qazandığı titullarla ''Qalatasaray'' tarixinə çoxdan damğa vurmuş Fatih Terim bu günlərdə növbəti dəfə adını klub tarixinə yazdırıb.
Məlum olduğu kimi ''İmperator'' 2017-ci ilin dekabrın 21-də məşqçi karyerasında 4-cü dəfə ''Cim-Bom''un başına keçmişdi. Bu gün o, İstanbul nəhənginin başında ardıcıl 1454-cü gününü keçirir. Bu, Terim üçün yeni göstəricidi. 68 yaşlı mütəxəssis indiyə qədər heç vaxt ''Qalatasaray''ın başında bu qədər uzun müddət qalmamışdı. Terimin əvvəlki rekordu klubla ardıcıl 4 çempionluq və UEFA kubokunu qazandığı dönəmə təsadüf edir.
Həmin vaxt o, 1 iyul 1996-da bu vəzifəyə gəlmiş və 1422 gündən sonra – 2000-ci ilin mayın 22-də vəzifəsindən ayrılmışdı. Kluba ikinci gəlişində (1 iyul 2002 - 20 mart 2004) heç 2 mövsümü tamamlaya bilməyən Terim 3-cü gəlişində (1 iyul 2011 - 24 sentyabr 2013) 3-cü mövsümünün əvvəlində sürpriz şəkildə o dönəmin başqanı Ünal Aysal tərəfindən istefaya göndərilmişdi. Yəni ünlü məşqçi dekabrın 21-də ''Qalatasaray'' karyerasında ilk dəfə 4-cü ilini tamamlayacaq. Bu 1453 günə Terim ''Aslan''la 2 çempionluq, 1 ölkə kuboku və 1 ölkə superkuboku sığışdıraraq klubda qazandığı titulları ümumi sayını 17-yə yüksəltdi. Ən son komanda onun başçılığı altında AL-in qrup mərhələsini məğlubiyyətsiz lider kimi tamamlayaraq 1/8 finala vəsiqə qazandı. Terim 5-ci mövsümünü ikinci avrokubok zəfəri ilə tamamlamağa çalışacaq.