Ölkə kubokunun 1/8 final mərhələsinin oyunları başa çatdı. Ötən il olduğu kimi, bu dəfə ilkin mərhələnin qarşılaşmalarında sensasiya yaşanmadı.
Xatırlayırsızsa, ötən “futbol ili”ndə “Kəpəz” “Sabah”ı mübarizədən kənarlaşdırmaqla yadda qalmışdı.
Bu dəfə də püşk gəncəliləri “tələbələr”ə rəqib etmişdi. Son vaxtlar sürət yığan “Sabah” şənbə günü keçirilən “Kəpəz”lə görüşə daha ciddi yanaşdı və ikinci yarıda vurduğu 3 qolla matçın taleyini həll etdi. Onu da qeyd edək ki, baş tutan görüşlərdə yalnız Gəncə klubu rəqib torunu silkələməyi bacarmadı. Zaqatala da baş tutan görüşdə də sevinən tərəf elita təmsilçisi oldu. Meydan sahibləri oyunun gedişində hesabı bərabərləşdirməyə nail olsalar da, “Səbail” sürprizə imkan vermədi.
MOİK - “Qəbələ” matçında Elmar Baxşıyev premyer-liqada ya az, ya da praktiki olaraq oynamayan beş futbolçunu birdən meydana buraxmaqla maraqlı gediş etmişdi. Məhz buna görə ilk yarıda “qırmızı-qaralar”ın oyunu bir qədər sönük və maraqsız alındı. Fasilədən sonra toparlanmağı bacaran bölgə təmsilçisi sonda özünə sərf edən hesabı əldə edə bildi.
“Keşlə” ilə qarşılaşan “Qaradağ Lökbatan” oyunda hesabı açan tərəf olsa da, fərdi ustalıq səviyyəsi daha üstün futbolçulardan qurulan premyer-liqa klubu geridönüş edərək 90 dəqiqəni qalib kimi başa vurub adını ¼ final mərhələsində çıxış edəcək komandaların arasına yazdırdı.
Kubok oyunları nə göstərdi? Hər dörd matçda aşağı dəstənin nümayəndələri heç də pis təsir bağışlamadılar. Xüsusilə də bütün qarşılaşmaların ilk yarısında “birincilər” elitada çıxış edən komandalarla demək olar, başabaş oynaya biləcəklərini ortaya qoydular. Ancaq bu qarşılaşmalar da göstərdi ki, premyer-liqada olan sürət və dözümlülük aşağı dəstədə yoxdu. “Zaqatala”, MOİK, “Kəpəz” və “Qaradağ Lökbatan” ildə bir dəfə belə dinamik oyunların iştirakçıları olduqlarından gücləri maksimum 1 saata çatır. Ondan sonra səviyyə fərqi özünü büruzə verir. Onu da nəzərə almaq lazımdı ki, aşağı dəstədənin təmsilçilərində legioner yoxdu. Kubokun 1/8-i göstərdi ki, “aşağıda” da normal komandalar var. Sadəcə, onlara da lazımi diqqət ayrılsa, indikindən bir qədər artıq maliyyə ayrılsa, maraqlı qarşılaşmalar izləyə bilərik.
SƏNƏM FƏRHADOVA