Dünən bundesliqanın 15-ci turunda ''Bavariya'' ''Maynts-05''lə ev oyununda əzmkar qələbə qazandı.
Qonaqlar fasiləyə minimal üstünlüklə yollansalar da, Münhen nəhəngi ikinci hissədə 2 qol vurdu. Ən yaxın rəqibi Dortmund ''Borussiya''sı ilə xal fərqini 6-ya yüksəldən ''rekordmayster'' bu turnirdə 24-cü dəfə qış çempionluğunu rəsmiləşdirdi. Maraq üçün bildirək ki, ''Bavariya'' buna qədər qış çempionu olduğu, yəni ilk dövrəni lider kimi tamamladığı 23 mövsümün 21-də sonda çempion olub.
Sözügedən qarşılaşmada həm də 2 rekord qeydə alındı. Münhenlilərin çalışdırıcısı Yulian Naqelsmann məşqçi kimi bundesliqada 199-cu oyunda 100-cü qələbəyə sevindi (59 heç-heçə, 40 məğlubiyyət). Bu uğuru 34 yaş 141 günlüyündə yaşayan Naqelsmann bundesliqa tarixində 100 qələbə həddinə ən gənc yaşda çatan məşqçi oldu! Əvvəlki rekord 100-cü qələbəsini 38 yaş 147-ci günlüyündə əldə edən Erix Ribbekə məxsus idi. Bundan başqa Tomas Müller ''Bavariya''nın heyətində 398-ci bundesliqa matçında 291-ci qələbəyə sevindi. Bununla da o, Manfred Kaltsın rekordunu tekrarladı. Almaniya çempionatında bir komanda ilə ən çox qələbə rekordu məhz əfsanəvi Kaltsa məxsus idi. O, 1971-89-cu illərdə ''Hamburq''un heyətində bundesliqada 291 qələbəyə sevinmişdi.