Konfrans Liqasının H qrupunda “Bazel”ə səfərdə 0:3 məğlub olan “Qarabağ” dünən İsveçrədən vətənə döndü.
Heydər Əliyev Beynəlxalq Hava Limanında baş tutan qarşılaşma zamanı Ağdam təmsilçisinin bir neçə futbolçusu jurnalistlərə oyun haqda fikirlərini bildirdilər.
Kevin Medina “Bazel”ə məğlubiyyətdən və oyunun hakimi ilə aralarında baş tutan dialoqdan danışdı. Kolumbiyalı müdafiəçi Kabralın bu mövsüm qarşılaşdığı ən güclü hücumçu olduğunu da dilə gətirdi:
“Belə bir söhbətin olduğu doğrudu. Qol vurduq, amma sayılmadı. Bundan sonra mən hakimə yaxınlaşdım. Soruşdum ki, nəyə görə qolumuzu hesaba almadız? O da epizodu görmədiklərini bildirdi. Fasilədən qayıdanda soruşdum ki, görüntüləri izlədiz? Hakim epizodun təkrarına baxdığını söylədi. Yenidən soruşdum ki, indi necə olacaq? Əlindən bir şeyin gəlmədiyini dedi. Hakimə bildirdim ki, qolu hesaba alsaydız, qarşılaşma tam fərqli məcrada keçəcəkdi. Özümüzə inamın artacağını qeyd etdim. O da üzr istəməklə kifayətləndi. Növbəti mərhələdəki rəqibi seçmək bizim əlimizdə deyil. Kim düşəcəksə, onunla da qarşılaşacağıq. Amma “Qarabağ” olaraq həmişə istəyirik ki, ən güclü rəqiblə oynayaq. Püşkün bəxtimizə kimi çıxaracağını görəcəyik. Bizə qarşı dubl edən Kabralın səviyyəsi ortadadı. Onun fiziki cəhətdən də güclü olduğunu qeyd edərdim. Adam hətta beli ilə qol vurdu. Açıq-aşkar deyə bilərəm ki, bu mövsüm qarşılaşdığımı ən güclü forvard məhz Kabraldı”.
İLKİN SULTANLI