Sərgən Yalçınla yollarını ayırdıqdan sonra baş məşqçi axtarışına çıxan ''Beşiktaş'' hələ ki, əlaqə qurduğu mütəxəssislərdən müsbət cavab ala bilmir.
Artıq 4-5 mütəxəssis təklifi geri çevirib. Şenol Günəş mövsümün sonuna qədər dincəlmək istədiyini deyibsə, Edin Terziç, Daniel Farke və Andre Villaş-Boaşın ardından bu dəfə Slaven Biliç də istanbulluların təklifini geri çevirib. Daha doğrusu 53 yaşlı mütəxəssis hazırda çalışdırdığı ''Beytsin Qoyan''la dekabrın 31-nə qədər müqaviləsi olduğunu və həmin tarixdən öncə Çindən ayrılmaq istəmədiyini vurğulayıb. Bu variant ''Beşiktaş''ı qane etməyib. Okan Buruk da namizədlər arasındadı. 2019/20-də ''İstanbul BŞ'' ilə tarixi çempionluq qazanan Buruk hazırda işsizdi. Amma 48 yaşlı mütəxəssis ''Qartal''dan təklif almadığını deyib.
Bu arada dünən diqqətçəkən bir olay yaşandı. Öz meydanında ''Konyaspor''a 1:4 hesabı ilə yenilən ''Fatih Karagümrük'' Françesko Farioli ilə yollarını ayırdı. Bu 32 yaşlı gənc italiyalı mütəxəssis oyun anlayışı və əldə etdiyi nəticələrlə superliqanın ən perspektivli məşqçilərindən sayılır. Bir müddət öncə Vitor Pereyranın ''kreslosu'' laxlayarkən ''Fənərbaxça''nın məhz bu məşqçi ilə anlaşacağı irəli sürülmüşdü. İndi də bəzi mənbələrin yazdığına inansaq, Farioli məhz ''Beşiktaş''ın başına keçəcək. ''Fatih Karagümrük'' bu məşqçi ilə 27 oyundan 11 qələbə, 8 bərabərlik və 8 məğlubiyyətlə ayrılmış oldu. Farioli bu mövsüm superliqada öz klubundan ayrılan 12-ci məşqçi oldu.