“Milan” İtaliya çempionatının “Udineze” ilə oyununda (1:1) iki xal itirib.
Udinedə keçirilən matçın son dəqiqələrində Zlatan İbrahimoviçin topu başı üzərindən aşırma zərbə ilə vurduğu qol qonaqları məğlubiyyətdən xilas edib. Qeyd edək ki, bu, milanlıların qapıya yönələn yeganə dəqiq zərbəsi oldub. 40 yaşlı İbrahimoviç bu mövsüm A seriyasında 10-cu oyunda 7-ci qoluna sevinib.
O, bununla da Avropanın “böyük beşlik” adlandırılan liqalarındakı qollarının sayını 300-ə çatdırıb! Zlatan XXI əsrdə bu göstəriciyə çatan 3-cü futbolçudu. İsveçli hücumçu Kriştiano Ronaldo (483) ilə Lionel Messidən (475) geri qalır.