Azərbaycan Kubokunda 1/8 mərhələdə növbəti görüş baş tutub.
"Football-plus.az" saytının məlumatına görə, "Keşlə" doğma meydanda "Qaradağ Lökbatan"ı qəbul edib - 2:1. Ev sahibi komandasının baş məşqçisi Sənan Qurbanov oyun haqda bunları deyib:
"1-ci divizion təmsilçilərinin kubok oyununda premyer -liqa klubları qarşısında qələbə şansı, demək olar ki, yoxdu. Buna görə futbolçularımız, bəlkə də, inanırdılar ki, asan keçəcəyik. Amma matçın gedişatı bunu göstərmədi, ilk dəqiqələrdən rəqib pressinq elədi. “Qaradağ Lökbatan” çox hərəkətli, yaxşı komandadı. Bizə çətin anlar yaşatdılar. “Səbail”lə matçdan sonra futbolçularda bəlkə bir az gərginik var idi”.
Baş məşqçi əsasən ehtiyat heyətə şans verməsi barədə də danışıb:
"Az oynayan futbolçulara bu gün şans verdik. Onlar meydanda daha istəkli idilər. Çempionatda çox oynamaq imkanı əldə etmədikləri üçün özlərini göstərməyə çalışdılar. Bu onlarda pis alınmadı. Qarşıdakı matçlarda da onlara şans verəcəyimi gizlətmirəm. Çünki yaxşı təsir bağışladılar”.
Məşqçi zədəlilər haqda da danışdı:
“İlkin Qırtımovun mikrozədələri var. Netoda isə zədə daha ciddidi. Onun “Sumqayıt”la qarşıdakı çempionat oyununda da iştirak etməyəcəyi dəqiqdi. Digər əsas heyət üzvlərini isə riskə atmaq istəmədik. Bəzi oyunçuların əzələsində dartılma var idi. Onları meydana buraxsaydım, çempionat matçını buraxa bilərdilər”.