Türkiyə təmsilçiləri bu həftəni avrokuboklarda qələbəsiz başa vursa da, ümumilikdə son durumu qənaətbəxş saymaq olar.
Qardaş ölkə UEFA-nın əmsallar cədvəlində nəhayət ki, Yunanıstanı geridə qoyaraq 15-ci pilləyə yüksəldi!
Türkiyə həftəyə 25,900 xalla 16-cı pillədə başlamışdı. ''Beşiktaş'' ÇL-də növbəti dəfə uduzaraq heç bir reytinq xalı qazandırmadı. Amma ''Fənərbaxça''nın ''Ayntraxt''la, ''Qalatasaray''ın da ''Latsio'' ilə bərabərə qalması Türkiyəyə önəmli xallar qazandırdı. Bu məqamda ''Qalatasaray''ın əməyini xüsusi qeyd etmək lazımdı. ''Cim-Bom'' çətin Roma səfərindən qolsuz bərabərliklə qayıdaraq bu oyununu bonusları ilə birlikdə qrupu lider kimi tamamladığı üçün də bonuslar qazandı. Yəni ''Qalatasaray'' təkbaşına 1,200 xallıq fayda verdi.
Nəticədə Türkiyə xalını 26.900-yə çatdıraraq Yunanıstanı geridə qoydu və 15-ci pilləyə yüksəldi. Yunanların 26,700 xalı var. Xatırladaq ki, cari ''futbol ili''ni ilk ''15-lik''də tamamlamaq olduqca mühüm əhəmiyyət kəsb edir. Türkiyə bunu bacarmasa, 2023/24-də avrokuboklara 5 yox 4 komanda göndərə biləcək. Ən əsası ölkə çempionu ÇL-ə birbaşa düşə bilməyərək mübarizəyə təsnifat mərhələsindən başlamalı olacaq. Ona görə də bu mövsüm sonrakı mərhələlərdə ''Fənərbaxça'' və ''Qalatasaray''ın əldə edəcəyi nəticələr böyük əhəmiyyət kəsb edəcək. Həm Türkiyə, həm də Yunanıstan (Olimpiakos, PAOK), Avropada 2 klubla yoluna davam edir.
Türkiyə bu mövsüm ümumilikdə 6,500 xal toplayıb ki, bunun da 3,400-nü tək ''Qalatasaray'' qazanıb.
Bu baxımdan Türkiyənin son 5 mövsümdəki ən yaxşı nəticəsi 2017/18-də qeydə alınıb (6,800). O vaxt ÇL-də xarüqələr yaradan və qrupu məğlubiyyətsiz lider kimi tamamlayan ''Beşiktaş'' təkbaşına 3,800 xal toplamışdı. Bu mövsüm Türkiyənin həmin göstəricisini yaxşılaşdıracağını güman etmək olar.
Bu mövsüm Türkiyə klublarının qazandığı reytinq xalları
Qalatasaray – 3,400
Fənərbaxça - 1,400
Beşiktaş - 0,800
Sivasspor - 0,700
Trabzonspor - 0,200