UEFA-dan bugünlərdə Türkiyə Futbol Federasiyasına (TFF) sürpriz bir xəbərdarlıq gəlib.
Sən demə, qardaş ölkədə son dönəmlərdə Pro lisenziyalı məşqçilərin sayında ciddi artım müşahidə olunur. Bu məqam Avropanın ali futbol qurumunun nəzərindən qaçmayıb.
Türkiyədə superliqa və 1-ci liqada işləmək üçün Pro, 2 və 3-cü liqalarda işləmək üçün isə A lisenziyası tələb olunur. TFF hər il bu lisenziyalara sahib çıxmaq istəyənlər üçün kurslar təşkil edir. Ora qatılanlardan Pro almaq istəyənlər 100 min lirə, A lisenziyası almaq istəyənlər 35 min lirə rüsum ödəyir. Pro lisenziyasında dərslər 4, A lisenziyada 2 mərhələdən ibarət olmaqla ümumilikdə 10 günə başa çatdırılır. Türkiyədə Pro lisenziyası alan məşqçilərin sayı (il ərzində təxminən 24 nəfər) Bolqarıstan, Macarıstan və Rumıniya kimi ölkələri belə üstələyib. UEFA da bunu nəzərə alaraq, TFF-yə xəbərdarlıq edib. Qurum bundan sonra Türkiyədə məşqçilik kurslarının hər il yox, 2 ildən bir keçirilməsini tələb edib! Pandemiya dönəmində məşqçilik kursları təşkil olunmurdu. Pandemiyadan sonrakı dönəmdə məhz bu üzdən kurslarda əvvəlkindən daha çox adam iştirak edir. Bundan başqa, məşqçilik kursuna başlayanlar hələ öz lisenziyasını almadan liqalarda özlərinə klub axtarmağa başlayırlar. Artım həm də bununla bağlıdı. TFF həm bunun qarşısını almaq, həm də Ömər Kanər, Tuna Güneysu, Muammer Birdal kimi kurslarda dərs deyən yaşlı və təcrübəli isimləri kənara çəkmək niyyətindədi. Bu baxımdan yaş limiti aşağı çəkiləcək. Yəni bundan sonra kurslarda futbolu yeni başa vuranlar da dərs deyə biləcək.