Premyer-liqanın 13-cü həftəsində “Keşlə” “Səbail”lə qarşılaşdı.
Paytaxt derbisində maraqlı mübarizəyə şahid olduq. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşmədi - 2:2. Maraqlı məqamlardan biri “Old Wolf” fanklubunun rəhbəri Elnur Yusifovun açdığı pankart idi. Kollaj halında olan plakatda “Keşlə”nin loqosunun qarşısında 2 ölkə çempionluğunun, 2 Azərbaycan kubokunun şəkli əks olunmuşdu. “Səbail”in embleminin önündə isə pomidor, üzərində neft yazılan “Coca-Cola”, “QR code” və 69 yazılan “dənizçilər”in bayrağı əks olunmuşdu. Fanklub rəhbərindən pankartın mənasını soruşduq. Elnur Yusifov ötən matçda komandanı tək qoymaqlarının səbəbini də açıqladı:
“49” azarkeş klubu bizimlə oyunda ağ pankart açmışdı. “Zirə” ilə görüşdə “QR Code” vasitəsi ilə bizi sıralarına qoşulmağa dəvət etmişdilər. Mən də onlara göstərmək istədim ki, əlinizdən ancaq bunlar gəlir. Amma “Keşlə”nin uğurlarına baxın: 2 çempionluğumuz var, 2 dəfə ölkə kubokunun qalibi olmuşuq. Dəfələrlə avrokuboklarda iştirak etmişik. “Birlik kuboku”nu qazanmışıq. “Səbail” nə edib axı? Azarkeşləri isə yersiz işlərlə məşğuldu. Pomidor yeyirlər, üstünə “neft” yazılan “Coca-Cola” içirlər. Mənim etdiyim “49” azarkeş qrupuna cavab idi. Başa düşsünlər ki, biz təlxəklər fanklubuna qoşulmuruq. Özümüzün də, komandamızın da adı-sanı və tarixi var... Biz komandamızı həmişə dəstəkləmişik. “Sabah”la oyunda müəyyən səbəblər üzündən iştirak edə bilmədik. Bu, fanklubun daxili problemi idi. Sonra üzvlərimizlə görüşüb, qərara gəldik ki, nə olur-olsun, “Keşlə”nin bütün oyunlarında komandamıza dəstək verək”.
İLKİN SULTANLI