Beynəlxalq Tennis Federasiyasının (ITF) prezidenti Devid Haqqerti Çindəki turnirlərin ləğv olunmayacağını bildirib.
Xatırladaq ki, dekabrın 1-də Qadın Tennisçilər Assosiasiyası Pen Şuay ilə bağlı yaranan müəmmalı durum üzündən Çində heç bir tennis turnirinin keçirilməyəcəyini elan etmişdi. Haqqerti isə BBC-yə açıqlamasında fərqli fikir səsləndirib:
“Milyarddan artıq adamı cəzalandırmaq istəmirik. Bu üzdən Çində keçirilməsi planlaşdırılan yeniyetmələr və böyüklər arasındakı turnirləri keçirməyə davam edəcəyik”.
Bildiyiniz kimi, Pen Şuay noyabrın 2-də sosial şəbəkədə 10 il əvvəl Çinin sabiq baş nazir müavini Janq Qaolonin seksual zorakılığına məruz qalmasıyla bağlı status paylaşmış, ardından həmin post silinmiş, eləcə də qadın tennisçi ilə iki həftə ərzində əlaqə saxlamaq mümkün olmamışdı.