Artıq premyer-liqada “qış çempionu” bəllidi.
Bu “Qarabağ”dı. Komanda sona bir tur qalmasına baxmayaraq, ən yaxın izləyicisi “Qəbələ”ni 5 xal qabaqlayır. “Köhlən atlar”ın həm avrokuboklarda, həm də ölkə çempionatında uğurlu çıxışı göz qamaşdırır. Görəsən, “Qarabağ”ın premier-liqada inamlı təsir bağışlamasının səbəbi rəqiblərinin zəif, yoxsa özünün güclü olması bağlıdı?
Bu suala cavab tapmaq üçün Tərlan Əhmədovla həmsöhbət olduq. Təcrübəli mütəxəssis Qurban Qurbanovun komandasının heyətini qabartdı:
“Hər il hansısa komanda “qış çempionu” olmalıdı. “Qarabağ” ötən il də bunu bacardı. Amma sonda çempion “Neftçi” oldu. Məsələ burasındadı ki, Azərbaycan çempionatında mübarizə aparan 7 komandadan heç biri “Qarabağ” kimi oturuşmuş heyətə malik deyil. Bunu hamımız bilirik. “Qəbələ” artıq Ağdam təmsilçisinə yaxınlaşır, 5 xal fərq var. Deyə bilmərəm ki, sırf “Qarabağ” hamıdan güclüdü, ya zəifdi. Hazırda çepionatda “Qarabağ”a “Qəbələ”dən başqa rəqib görünmür. Bölgə komandası həm heyət, həm də büdcə baxımından geri qalsa da, maraqlı oyun nümayiş etdirir. Digər klublar daha zəif çıxış edirlər. “Neftçi”nin timsalında deyək ki, son görüşlərdə itirdiyi xallar komandanı 4-cü pilləyə yuvarladı. Komanda sabit oynaya bilmir. Baxmayaraq ki, ötən il çempion olublar, hətta həmin heyəti qoruyub saxlayıblar. Amma çempionluğu rəsmiləşdirəndən sonra daha maraqlı, baxımlı oynamalı idi. Uğurlu çıxış etməklə göstərməlidi ki, ötən il təsadüfən çempion olmayıb. Amma qış fasiləsinə qədər göstərdikləri oyun ürəkaçan deyil. Ona görə də hazırda 4-cü pllədədi. Deyə bilərik ki, “Neftçi” qış fasiləsinə qədər “Qarabağ” üçün rəqib deyildi. Bundan sonra necə olacağını isə söyləmək çətindi”.
Milli komandanın sabiq kapitanı sözünə belə davam etdi:
“Qalan komandalar arasında Ağdam təmsilçisinə rəqib olacaq biri yoxdu. Baxımlı oyun göstərən yalnız “Qəbələ”di. O da evdə ağdamlılardan xal almağı bacardı. “Qarabağ” bütün komandalara eyni baxır, yaxşı oyun sərgiləyir. Oturuşmuş heyətə malik bir komanda artıq çempontda istədiyinə nail olur, uğurlu çıxış edir. Amma bu, qış fasiləsinə qədər belədi. Fasilədən sonra 14 tur olacaq. Nələr baş verəcək? Bunu ancaq sonda görəcəyik. “Sabah” “Qarabağ”a 1:5 uduzsa da, komandaya yeni baş məşqçi gəlib. Fasilədə hansı transferlər reallaşacaq, komanda necə çıxış edəcək? Bu suallar hər kəsi maraqlandırır. Elmar Baxşıyevə alqış düşür. Gözəl komanda formalaşdırıb. Bunun davamını fasilədən sonra da gətirməlidi. Komandada yer alan Rövlan Muradov, Ülvi İsgəndərov kimi futbolçuları gördükdə adam, sadəcə, fərəh hissi keçirir ki, ölkədə belə yerli oyunçular var. Komandanı çiyinlərində daşıya bilirlər. Məhdud büdcəyə malik “Qəbələ” maraqlı oyunla hamının rəğbətini qazanıbsa, “Qarabağ”a rəqabət təklif edə bilirsə, deməli, o biri komandalar zəifdi. “Qarabağ” sırf oyununa görə hamıdan güclü deyil. Rəqiblər Ağdam təmsilçisi ilə görüşlərdə bəlkə də düzgün taktika seçmirlər, bəlkə də oyun quruculuğunda problem olur. Fasilədən sonra qeyd etdiyim çatışmazlıqlar həllini tapmalıdı. Onu da nəzərə alaq ki, “Qarabağ” paralel şəkildə Konfrans Liqasında da mübarizə aparır. Tam oturuşmuş heyət, yeni futbolçuların komandaya çox tez uyğunlaşması göz qabağındadı. Komanda sabit oyun nümayiş etdirməklə uğurlu çıxış edir. Artıq illərdi belədi. Bunu isə qalan komandalarımız həyata keçirə bilmir. “Qarabağ”, demək olar ki, iki heyətə malikdi. Qurban Qurbanov istədiyi vaxt rotasiya edə bilir, futbolçulara istirahət verir. Futbolçulara əsasən Konfrans Liqası oyunlarından öncə baş tutan çempionat matçlarında istirahət verir ki, balans pozulmasın. Nəticədə komanda hər iki turnirdə uğurla çıxış edir”.
GÜNAY VƏLİYEVA