''Qalatasaray''ın baş məşqçisi Fatih Terim son günlər səhhəti ilə bağlı problem yaşayır.
Ünlü mütəxəssis mədə-bağırsaq sistemindəki ağrılar üzündən hələ bazar ertəsi ''Liv Hospital'' xəstəxanasına yerləşdirilmişdi. Çərşənbə axşamı həkimlərin xüsusi icazəsi ilə məşqə çıxan Terim daha sonra yenidən xəstəxanaya qayıtmalı olub. Bununla belə onun İtaliyaya səfər etməsinə icazə verilib. 68 yaşlı çalışdırıcı dünən ''Latsio'' ilə oyunöncəsi mətbuat konfransında yaşadığı sıxıntılar haqda ətraflı məlumat verərək bunları deyib:
''Ağrılarım bazar ertəsi başladı. Həmin gün mədə-bağırsaq sistemimdəki ağrılar şikayəti ilə xəstəxanaya gedərək gecəni orda keçirdim. Heç kimi təlaşa salmaq istəmədim. Ona görə də paylaşım etmədim. Müayinələrdən sonra həkimlər əməliyyat variantını istisna etmədilər. Onlardan bu variantı heç olmasa oyundan sonraya qədər təxirə salmağı xaiş etdim. Sonra onların icazəsi ilə məşqə çıxdım və komanda ilə birlikdə səfərə yollanmağıma çox sevindim. Dursun Buğra başda olmaqla məni müayinə edən bütün həkimlərə minnətdarlığımı bildirirəm. Bütün zəng vuran, maraqlanan, xoş arzularını göndərən hər kəsdən Allah razı olsun. İstanbula qayıtdıqdan sonra əməliyyat olunmaq variantını yenidən müzakirə edəcəyik. Amma hələ ki, özümü yaxşı hiss edirəm. Adətən həkimlərlə danışıqlar olmur. Çünki onlar deyən olur. Amma sağ olsunlar, mənə icazə verdilər. Allaha şükür ki, yaxşıyam''.