Sabah Konfrans Liqasının qrup mərhələsinin son oyunları çərçivəsində “Qarabağ” “Bazel”in qonağı olacaq.
İsveçrdədə baş tutacaq qarşılaşmaya idman ictimaiyyətinin marağı böyükdü. Çünki bu görüşün nəticəsi H qrupunun liderini müəyyən edəcək. Hər iki komandanın hesabında 11 xal var. Bu gün isə oyunöncəsi mətbuat konfransı baş tutub. “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mikrafonların arxasına keçərək jurnalistlərin suallarını cavablandırıb:
-Kevin Medinanın vəziyyəti necədi? “Bazel”ə qarşı meydanda ola bilər?
Məşq etdikdən sonra ümumi gedişata baxacağıq. Hazır olsa, oynamaq ehtimalı var. Amma hələ məndə də bu barədə dəqiq məlumat yoxdu
-Rəqibiniz Bakıdakı görüşdən sonra həm İsveçrə çempionatında, həm də Konfrans Liqasında bir çox oyun keçirdi. Bu qarşılaşmaları izləmisiz? Bakıdakı matçdan fərqli oyun qurublar, ya eyni şəkildə irəliləyirlər?
-Yaxşı mənada dəyişiklik var. Bakıdakı görüşdə bir neçə futbolçusu idman formasından uzaq idi. Amma artıq istədikləri səviyyəyə gəlib çatıblar. Çox uğurlu seriya yaxalayıblar. Sadəcə, son oyunda qələbə qazana bilmədilər. Baxmayaraq ki, oyun üslublarında dəyişiklik yoxdu, ancaq etdiklərini daha da yaxşılaşdırıb və sürətləndiriblər. Rəqibin çox oyununu izlədim. Həm çempionat, həm Konfrans Liqada keçirdikləri matçları. Geniş heyətə malikdi. Meydana eyni səviyyədə 11 oyunçu buraxmaq gücündədi. Hər bir halda bu cür oyunlar böyük təcrübə verir. Biz bunu həm özümüzdə, həm də rəqibdə hiss edirik. Son vaxtlar daha da inamlı oynayırlar. Yaxşı mübarizə aparmağı və layiqli oyun göstərməyi çox istəyirik. Bu komandaya qarşı oynamaq həm mənim, həm də oyunçularım üçün xoşdu. Futbolçularım tək öz oyunlarını oynamaq yox, rəqibin meydanda nə etmək istədiyini daim izləməlidilər. Bunları edə bilsək, maraqlı oyunun şahidi olacağıq.
- “Qarabağ”ın matçlarına nəzər saldığımız zaman komandanın səfərdə həm nəticə, həm də oyun baxımından daha yaxşı çıxış etdiyini görürük. Bakıda da şanslar yarnır. Amma qol vurmaqda problemlər olur. Bu ənənə sabah da davam edə bilər?
- Bakıda da olsa əvvəlkilərdən daha yaxşı çıxış etməyimizi tələb edəcəkdi. Bəli səfərdəki nəticələrə baxanda belə görünür. Amma qrupun son matçı olduğundan bu görüşün evdə və ya səfərdə keçirilməsinin heç bir önəmi yoxdu. Çox istərdim ki, futbolçularım bu oyunu inamlı şəkildə sona çatdırsınlar.
- Sizin artıq qrupdan çıxacağınız bəllidi. Hazırda ikinci pillədəsiz. Sabahkı oyun sizin üçün nə dərəcə vacibdi? Birinci olmaq isəyirsiz, ya ikinci pillə sizin üçün yetərlidi?
-Təbii ki, istəyimiz yaxşı oyunla və yaxşı qalibiyyət əldə etməklə birinci olmaqdı. Lakin komandam avrokubok matçlarını elə formada keçirib ki, oyunçulara iradım yoxdu. Sadəcə onlardan yaxşı oyun göstərməyi tələb etmişəm. Əlbəttə qalib gəlmək istəyirik. İnanıram ki, sabah nəticə istədiyim kimi alınmasa da, futbolçularımın çıxışından razı olacağam.
SƏNƏM FƏRHADOVA hazıraladı