“Qızıl top”un qalibini müəyyənləşdirmək üçün keçirilən sorğunun yeni detalları məlum olub.
Bilindiyi kimi, “France Football”un səsverməsində 613 bal toplayan Lionel Messi qalib gəlmişdi. Sorğuda iştirak edən jurnalistlər ümumilikdə 2720 bala bərabər olan seçim ediblər. Messi yekun siyahıda Robert Levandovskini (“Bavariya”, Polşa) 33 səslə qabaqlamışdı. 170 jurnalistdən 59-u Lionelin adını 1-ci yerə yazıb. KİV nümayəndələrindən 47-si Levandovskini, 10-u isə Kərim Benzemanı (“Real”, Fransa) ilk yerə layiq bilib.
Səslərin qitələr üzrə bölgüsünə gəlincə, Avropa və Afrika “Qızıl top”a Levandovskini layiq bilib. Belə ki, o, avropalı jurnalistlərdən 209 bal alıb. “Köhnə dünya”nı təmsil edən media təmsilçiləri Jorjinyonu (“Çelsi”, İtaliya, 166) 2-ci, Messini (PSJ, Argentina, 161) isə 3-cü yerə layiq görüblər. Argentinalı hücumçu 613 balı əsasən Cənubi Amerika, Şimali və Mərkəzi Amerika, Asiya və Okeaniya regionundan toplayıb